Normal yuxuya getmə müddəti nə qədərdir? – Mütəxəssisdən AÇIQLAMA

Yuxuya getmək üçün sərf olunan vaxt insanın yuxu keyfiyyəti və ümumi sağlamlığı barədə müəyyən siqnallar verə bilər. Mütəxəssislər həm çox tez, həm də uzun müddət ərzində yuxuya gedə bilməməyin diqqətə alınmalı hal olduğunu bildirirlər.
Sfera.az xəbər verir ki, yuxu üzrə fransız mütəxəssis Mişel Drerup insanların adətən 10-20 dəqiqə ərzində yuxuya getməsinin normal hesab edildiyini bildirib.
Onun sözlərinə görə, bir neçə dəqiqə ərzində yuxuya getmək isə hər zaman yaxşı yuxu vərdişinin göstəricisi deyil. Mütəxəssis qeyd edib ki, çox tez yuxuya getmək yuxu çatışmazlığının və ya orqanizmin həddindən artıq yorğunluğunun əlaməti ola bilər. Gün ərzində yuxusuzluq, diqqətin cəmlənməsində çətinlik, reaksiyaların zəifləməsi və əhval dəyişiklikləri də kifayət qədər yatmamağın göstəriciləri sırasında yer alır. Digər tərəfdən, yuxuya getməyin 30 dəqiqə və ya daha çox çəkməsi də yuxu problemi ilə əlaqəli ola bilər. Uzun müddət davam edən bu vəziyyət yuxusuzluğun əlaməti hesab edilir.
Mütəxəssis xroniki yuxusuzluğun ürək-damar xəstəlikləri, yüksək təzyiq, diabet və digər sağlamlıq problemlərinin yaranma riskini artıra biləcəyini deyib. Yuxuya getməyə mane olan səbəblər arasında stress, narahatlıq və depressiya göstərilir. Xüsusilə gecələr nəfəsalma problemləri və ya ayaqlarda narahatlıq yaşayan şəxslərin yuxu rejiminə diqqət etmələri tövsiyə olunur.
Mütəxəssis yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün yatmazdan ən azı 30 dəqiqə əvvəl telefon, planşet və digər ekranlardan istifadəni dayandırmağı məsləhət görür. Otağın sərin və qaranlıq saxlanılması, hər gün eyni saatlarda yatıb-durmaq da yuxuya getməyi asanlaşdıra bilər. Əgər insan üç ay ərzində həftədə ən azı üç gecə yuxuya getməkdə çətinlik çəkirəsə, bu, xroniki yuxusuzluğun göstəricisi ola bilər. Belə hallarda problemin səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək tövsiyə olunur.
İradə Elsevər






