Alimlər hüceyrələrin qocalmasını ləngidən gen aşkarlayıb – Ömrü uzada bilər
Alimlər aktivliyinin artırılması hüceyrələrin qocalmasını ləngidə və ömrü uzada biləcək gen aşkarlayıblar.
Sfera.az bildirir ki, “Komсомольская правда” nəşrinin məlumatına görə, bu barədə tibb elmləri üzrə mütəxəssis, Genotek tibbi-genetik mərkəzinin nümayəndəsi Yekaterina Surkova danışıb.
Məlumata əsasən, mütəxəssislər süni intellektin köməyi ilə RNT molekullarının düzgün emalına cavabdeh olan SRSF1 genini müəyyən ediblər. Mütəxəssisin sözlərinə görə, yaş artdıqca bu prosesdə pozuntular yaranır və nəticədə hüceyrələrdə zədələnmələr toplanır.
Tədqiqatçılar gen terapiyası vasitəsilə yaşlı siçanlarda sözügedən genin aktivliyini artırıblar. Nəticədə heyvanların hüceyrələri zədələnmiş zülalları daha yaxşı emal edib, iltihabla əlaqəli maddələrin ifrazını isə azaldıb.
Surkova bildirib ki, təcrübədən sonra siçanların ömrü uzanıb və onlar fiziki aktivliklərini qoruyublar. Eyni zamanda, hüceyrələr öz ixtisaslaşmasını itirməyib və heyvanlarda şiş əmələ gəlməsinə dair əlamətlər aşkarlanmayıb.
Bioloq əlavə edib ki, hazırda insanların SRSF1 geninə müstəqil şəkildə təsir göstərməsi mümkün deyil. Bununla belə, balanslı qidalanma, kalorilərin mülayim şəkildə məhdudlaşdırılması və müntəzəm fiziki aktivlik hüceyrə mexanizmlərinin normal fəaliyyətinə kömək edə bilər.
Onun fikrincə, bu kəşf gələcəkdə demensiya və ürək çatışmazlığı da daxil olmaqla, yaşla əlaqəli xəstəliklərlə mübarizə üçün yeni üsulların hazırlanmasına zəmin yarada bilər. Lakin yanaşmanın insanlarda effektivliyi hələ sübut olunmayıb.
Qeyd edək ki, daha əvvəl süd vəzi xərçənginin müalicəsində istifadə edilən kimyaterapiyanın orqanizmin bioloji qocalmasını sürətləndirə biləcəyi bildirilmişdi.
Fatimə
Sfera.az






