Logo

Ebola nəzarətdən çıxır - 11 mindən çox yoluxan var

Ebola nəzarətdən çıxır - 11 mindən çox yoluxan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Konqo Demokratik Respublikasında altı aydır davam edən Ebola epidemiyası hələ də nəzarət altına alınmayıb. Ölkədə yoluxma hallarının sayı 11 mini keçib, xəstəliyin aşkarlanması və yayılmasının qarşısının alınması istiqamətində ciddi problemlər müşahidə olunur.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Sərhədsiz Həkimlər” (MSF) beynəlxalq humanitar təşkilatına istinadən məlumat yayıb.

Bildirilib ki, may ayında başlayan epidemiya indiyədək qeydə alınan ikinci ən böyük Ebola epidemiyası hesab olunur. Xəstəliyə virusun nadir rast gəlinən “Bundibugyo” növü səbəb olub. Hazırda bu növə qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə vasitəsi mövcud deyil.

Təşkilatın məlumatına görə, epidemiyaya qarşı mübarizədə ayrılan maliyyə vəsaitlərinə baxmayaraq, tibbi personal və zəruri avadanlıqların çatışmazlığı ciddi problemlər yaradır. Bəzi tibb işçiləri əməkhaqqı almır, təcili yardım avtomobilləri yanacaq çatışmazlığı ilə üzləşir, yoluxma hallarını izləyən qrupların fəaliyyəti isə kifayət qədər effektiv deyil.

“Sərhədsiz Həkimlər” təşkilatının beynəlxalq prezidenti Cavid Əbdülmünim bildirib ki, mövcud resursların ehtiyacı olan insanlara çatdırılmaması qəbuledilməzdir.

London İmperial Kollecinin epidemioloqu Nil Ferqyuson isə ölkədə faktiki yoluxmaların yalnız yarısının aşkarlandığını ehtimal edir. Onun rəhbərlik etdiyi tədqiqat qrupunun hesablamalarına əsasən, hazırda Konqoda 2-3 min nəfər Ebola xəstəsi ola bilər.

Mütəxəssis xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, epidemiya daha bir il sürə və 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş, 28 mindən çox insanın yoluxduğu epidemiyanın miqyasını ötə bilər.

Təşkilatın məlumatına görə, son bir ayda Ebola ilə əlaqəli ölüm hallarının təxminən üçdə ikisi müalicə müəssisələrindən kənarda qeydə alınıb. Bəzi bölgələrdə isə yoluxmaların əhəmiyyətli hissəsinin tibb müəssisələrində baş verdiyi ehtimal olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da epidemiyaya qarşı mübarizədə çətinliklərin olduğunu təsdiqləyib. Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bölgədə təhlükəsizlik problemləri və səhiyyə müəssisələrinə hücumlar xəstəliyin yayılmasının qarşısının alınmasına ciddi maneələr yaradır.

Qeyd edək ki, Konqonun Şimali Kivu əyalətində baş verən son hücumlardan biri nəticəsində mindən çox yoluxma təmaslısının izlənilməsi dayandırılıb və Ebola diaqnozu təsdiqlənmiş üç xəstənin yeri naməlum qalıb.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR