Gecə yarısı oyanmaq normaldırmı?

Gecənin bir yarısı qəfil oyanmaq və yenidən yuxuya getməkdə çətinlik çəkmək bir çox insanın qarşılaşdığı haldır. Yuxu mütəxəssisləri bildirirlər ki, gecə ərzində oyanmaq qeyri-adi vəziyyət deyil və sağlam yuxunun bir hissəsi ola bilər.
Sfera.az xəbər verir ki, yuxu fizioloqu Stefani Romişevskinin sözlərinə görə, insanlara gecə boyu fasiləsiz yatmalı olduqları öyrədilsə də yuxu zamanı oyanmalar olduqca geniş yayılıb.
Yuxu yüngül mərhələdən dərin yuxuya qədər davam edən və təxminən 90 dəqiqə çəkən dövrlərdən ibarətdir. Yuxu araşdırmaçılarına görə, sağlam yetkin insanlar gecə ərzində bu dövrlər arasında iki-dörd dəfə qısa müddətə oyana bilərlər.
Bu oyanmaların əksəriyyəti cəmi bir neçə saniyə davam edir və insanlar çox vaxt oyandıqlarını belə xatırlamırlar. Gecənin ilk yarısında dərin yuxu daha çox olduğu halda səhərə yaxın yuxu yüngülləşir. Buna görə də kiçik səslər, temperatur dəyişikliyi və digər narahatlıqlar insanın oyanmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, əsas problem insanın tamamilə oyanması və beynində yenidən yuxuya gedə bilməyəcəyi ilə bağlı düşüncələrin yaranmasıdır. Bu zaman oyaqlığı artıran kortizol hormonunun səviyyəsi də tədricən yüksəlir.
Normal şəraitdə bu dəyişikliklər insan tərəfindən hiss olunmur. Lakin beyin gecə oyanmasını narahatlıqla əlaqələndirməyə başladıqda kortizol səviyyəsi daha sürətlə arta və yenidən yuxuya getmək çətinləşə bilər.
Bu səbəbdən gecə qısa müddətə oyanmaq təkbaşına narahatlıq doğuran hal sayılmır. Əsas məsələ oyanmaların tez-tez təkrarlanması, uzun müddət davam etməsi və gün ərzində yorğunluq yaratmasıdır.
Mənsumə






