Qışda səhərlər rahat oyanmaq istəyənlərə SADƏ MƏSLƏHƏT
Payız və qış aylarında günəş işığının az olması səhərlər oyanmağı çətinləşdirir. Bu dövrdə beyin günün başladığı barədə kifayət qədər siqnal almadığından insan oyandıqdan sonra belə özünü yorğun və halsız hiss edə bilər.
Sfera.az bildirir ki, nevroloq Olqa Butenko bu barədə “İzvestiya”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, bu vəziyyət “yuxu ətaləti” adlanır. İnsan artıq oyansa da, diqqəti, reaksiya sürəti və qərarvermə qabiliyyəti dərhal bərpa olunmur.
Butenko payız və qış aylarında səhərlər daha asan oyanmaq üçün otaqda işığı yandırmağı, pərdələri açmağı, duş qəbul etməyi, yüngül dartınma hərəkətləri etməyi və səhər qısa gəzintiyə çıxmağı tövsiyə edib.
Nevroloq həmçinin həftəiçi və həftəsonu eyni saatlarda oyanmağın vacibliyini vurğulayıb. Gec yatan və kifayət qədər yatmayan şəxslərə isə yuxu vaxtını tədricən dəyişməyi, hər dəfə yatma saatını 15-20 dəqiqə əvvələ çəkməyi məsləhət görüb.
Həkim əlavə edib ki, mütəmadi olaraq az yatmaq problemini səhər tətbiq edilən üsullarla aradan qaldırmaq mümkün deyil. Yetkin insanların tam istirahət etməsi üçün, bir qayda olaraq, gecə 7-9 saat yatması lazımdır.
Qeyd edək ki, daha əvvəl qastroenteroloqlar Pratima Dibba və Endryu Mur mədə yanması səbəbindən yaranan yuxusuzluğun qarşısını almaq üçün “üç saat qaydası”na əməl etməyi tövsiyə ediblər. Onların sözlərinə görə, yeməkdən sonra üç saat ərzində uzanmamaq xoşagəlməz simptomları azalda bilər.
Fatimə
Sfera.az






