Bu vərdişlər 13 növ xərçəngin riskini artırır
Ara-sıra şirniyyat və qızardılmış qidaların qəbul edilməsi xərçəng riskini artırmır.
Sfera.az xəbər verir ki, bu barədə onkoloq İndu Ambulkar “The Times of India” nəşrinə müsahibəsində danışıb.
Həkim bildirib ki, qidaların özü birbaşa xərçəngə səbəb olmasa da, insanın qidalanma vərdişləri və fiziki aktivliyi mühüm əhəmiyyət daşıyır. Belə ki, müntəzəm olaraq həddindən artıq yemək və hərəkətsiz həyat tərzi piylənməyə gətirib çıxara bilər.
Onun sözlərinə görə, piylənmə süd vəzi, bağırsaq, endometrium, böyrək və mədəaltı vəzi xərçəngi də daxil olmaqla, ən azı 13 növ onkoloji xəstəliklə əlaqələndirilir.
Ambulkar qeyd edib ki, artıq piy toxuması orqanizmdə insulin və hormonların səviyyəsinə, eləcə də iltihabi proseslərə təsir göstərə bilər. Bu dəyişikliklər xərçəngin inkişafına şərait yarada bilər.
Həkim vurğulayıb ki, piylənmə mütləq xərçəngə səbəb olmur. Bununla belə, sağlam çəkini qorumaq və müntəzəm fiziki aktivlik xəstəliyin yaranma riskini azaltmağa kömək edir.
Qeyd edək ki, daha əvvəl melanomadan sağalan amerikalı Dəryan Linç də xəstəliyin profilaktikası ilə bağlı tövsiyələrini bölüşüb. O, insanları dərilərindəki xallara diqqət yetirməyə və ultrabənövşəyi şüalardan qorunmağa çağırıb.
İnci
Sfera.az






