İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı
İnfarkt hər zaman sinədə güclü ağrı ilə müşayiət olunmur. Bəzən həzm sistemi problemlərinə bənzəyən əlamətlər də ürək-damar fəlakətinin başlanğıcından xəbər verə bilər.
Sfera.az xəbər verir ki, nevroloq Aleksey Mamatov bu barədə RT-yə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, infarktın az bilinən əlamətlərindən biri qarının yuxarı hissəsində yaranan narahatlıqdır. Bu hiss mədə yanması, ürəkbulanma və ya həzmsizliklə qarışdırıla bilər.
Mamatov bildirib ki, infarkt bəzi hallarda məhz bu cür əlamətlərlə özünü göstərir. Xüsusilə qadınlarda, diabet xəstələrində və yaşlı insanlarda belə simptomlara rast gəlinə bilər.
Nevroloq vurğulayıb ki, yalnız qarın nahiyəsindəki narahatlığa əsasən ürək problemləri barədə nəticə çıxarmaq olmaz. Bununla belə, mədə və bağırsaq xəstəlikləri zamanı yaranan ağrılar adətən yeməkdən və ya defekasiyadan sonra müşahidə olunur. Bu ağrılar çox vaxt nəfəs darlığı, soyuq tər, başgicəllənmə və qeyri-adi zəifliklə müşayiət edilmir.
Həkim infarktdan şübhələnildiyi halda dərhal təcili tibbi yardım çağırmağın vacibliyini bildirib. Onun sözlərinə görə, bu zaman avtomobili özünüz idarə edərək xəstəxanaya getmək və ya əlamətlərin öz-özünə keçməsini gözləmək olmaz.
Qeyd edək ki, daha əvvəl Aleksey Mamatov uzunömürlülüyü təmin etməyə kömək edən beş üsulu açıqlayıb. O, bu məqsədlə arterial təzyiqin müntəzəm yoxlanılmasını tövsiyə edib.
Fatimə
Sfera.az






