REM yuxusu 83 xəstəliyin riskini azaldır

Yeni araşdırma yuxuların görüldüyü REM mərhələsində daha çox vaxt keçirməyin sağlamlıq üçün əhəmiyyətli faydaları olduğunu ortaya qoyub.
Sfera.az xəbər verir ki, Çindəki Paytaxt Tibb Universitetinin rəhbərliyi ilə aparılan beynəlxalq araşdırmada REM yuxusunun müddəti ilə müxtəlif xroniki xəstəliklərin yaranma riski arasındakı əlaqə araşdırılıb.
Tədqiqat zamanı Böyük Britaniyanın “Biobank” layihəsində qeydiyyatda olan təxminən 96 min insanın yuxu məlumatları təhlil edilib. İştirakçıların qolbaq sensorları vasitəsilə bir həftə ərzində qeydə alınan yuxu mərhələləri olan REM, dərin və yüngül yuxu süni intellekt alqoritmləri ilə araşdırılıb.
İştirakçıların sağlamlıq vəziyyəti orta hesabla 9 il ərzində izlənilib. Alimlər yuxu rejimi ilə mindən çox xəstəlik arasındakı əlaqəni təhlil ediblər.
Nəticələrə görə, REM yuxusunun müddətinin hər 47 dəqiqə artması 83 müxtəlif xroniki xəstəliyə qarşı daha güclü qoruyucu təsirlə əlaqələndirilib.
Araşdırmada kifayət qədər REM yuxusu alan insanlarda Parkinson xəstəliyi riskinin 80 faiz, demans riskinin 46 faiz, ürək çatışmazlığı riskinin isə 26 faiz daha aşağı olduğu müəyyən edilib.
Tədqiqatda dərin yuxu mərhələsinin də sağlamlıq baxımından əhəmiyyətli olduğu qeyd olunub. Müntəzəm olaraq dərin yuxu alan şəxslərdə 2-ci tip diabet və ağır depressiv pozuntu riskinin əhəmiyyətli dərəcədə aşağı olduğu bildirilib.
Bunun əksinə, yuxu zamanı tez-tez oyanma və nizamsız yatmaq saatlarının təşviş pozuntusu riskinin artması ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Araşdırmaçılar ümumi yuxu müddəti üçün ən optimal göstəricinin gecə 6-8 saat olduğunu vurğulayıblar.
Gecə 5 saatdan az yatan insanların isə ən riskli qrup olduğu bildirilib. Bu qrupda 37 müxtəlif xəstəliyin yaranma riskinin əhəmiyyətli dərəcədə yüksəldiyi müəyyən edilib.
Tədqiqatın müəllifləri böyüklər və yaşlı insanlar üçün hər gün 6-8 saatlıq müntəzəm yuxu rejiminin qorunmasının profilaktik sağlamlıq baxımından mühüm tədbir olduğunu qeyd ediblər.
Qeyd edək ki, REM mərhələsi (Rapid Eye Movement – sürətli göz hərəkətləri) yuxunun ən aktiv mərhələlərindən biridir. Bu mərhələdə gözlər bağlı göz qapaqlarının altında sürətlə hərəkət edir, beyin fəaliyyəti artır və insan daha çox canlı, emosional yuxular görür.
Bəsti Rəfizadə
Sfera.az






