Yumurta bahalaşacaq - Vəziyyət dəyişib
Son dövrlər yumurtanın qiymətində artım müşahidə olunur. Oktyabr ayında ən çox bahalaşan qida məhsulu məhz toyuq yumurtası olub. Qiymət artımının qış mövsümü ərəfəsində baş verməsi isə bunun mövsümi amillərlə bağlı olub-olmaması məsələsini gündəmə gətirir.
Bəs toyuq yumurtasının bahalaşmasının əsas səbəbləri nələrdir? Qiymət artımında mövsümi amillər nə dərəcədə rol oynayır və qarşıdakı aylarda bahalaşma davam edə bilərmi?
İqtisadçı Razi Abbasbəyli Sfera.az-a açıqlamasında bildirib ki, yumurtanın bahalaşmasına bir sıra amillər təsir göstərir:
“Qiymət artımını yalnız mövsümi faktorlarla əlaqələndirmək doğru deyil. Azərbaycanda dizel yanacağının qiymətinin yüksəlməsi və quşçuluq təsərrüfatlarının yem təminatında idxaldan asılılığın artması məhsulların maya dəyərinə təsir göstərir. Hazırda ölkədə quşçuluq təsərrüfatlarının yemə olan tələbatını daxili imkanlar hesabına tam ödəmək mümkün deyil. Buna görə də yem təminatının bir hissəsi idxal hesabına qarşılanır. İdxal zamanı logistika xərcləri, gömrük rüsumları və daşınma ilə bağlı digər xərclər məhsulların maya dəyərini artırır. Xüsusilə qış aylarında təsərrüfatların yem təminatını daxili imkanlar hesabına həyata keçirmək çətinləşir”.
İqtisadçı qeyd edib ki, son illərdə əhalinin quş ətinə və yumurtaya olan tələbatı da artıb:
“Bunun əsas səbəblərindən biri mal və qoyun ətinin kifayət qədər baha olmasıdır. Nisbətən aşağı və orta gəlirli ailələrin quş əti və yumurta alışını artırması bazarda tələbatın yüksəlməsinə səbəb olub. Nəticədə bazara təklif edilən yumurtanın həcmi artan tələbatı tam qarşılamır və tələb-təklif balansının pozulması qiymət artımına gətirib çıxarır. Quşçuluq təsərrüfatlarında istifadə olunan dərman preparatlarının böyük hissəsinin xaricdən idxal edilməsi də istehsal xərclərini artırır. Həm yem tədarükünün, həm də dərman preparatları ilə təminatın idxaldan asılı olması yumurtanın maya dəyərinin yüksəlməsinə səbəb olur. Enerji xərclərinin artması da bahalaşmaya təsir göstərən amillər sırasındadır”.
İqtisadçı qiymət artımına təsir göstərən digər amillərə də diqqət çəkib:
“Quşçuluq təsərrüfatlarına ayrılan dövlət dotasiyalarının, aşağı faizli kreditlərin və digər yardım paketlərinin kifayət qədər olmaması da istehsal xərclərinin artmasına səbəb olur. Yüksək faizli kreditlər və dövlət dəstəyinin yetərli səviyyədə olmaması təsərrüfatların maliyyə yükünü artırır. Bu isə nəticədə məhsulların bazar qiymətlərində özünü göstərir”.
İqtisadçı qarşıdakı qış aylarında yumurtanın bahalaşması tendensiyasının davam edəcəyini proqnozlaşdırıb:
“Qış aylarında quşçuluq təsərrüfatlarının istilik sistemlərinə ciddi ehtiyacı yaranır və bu da əlavə xərclərə səbəb olur. İstilik xərclərinin yüksək olması fonunda təsərrüfatlar ya artan xərcləri qarşılamaq, ya da məhsulların satış qiymətini yüksəltmək məcburiyyətində qalırlar. Bütün bu amillər nəzərə alındıqda, qış aylarında da yumurtanın bahalaşması tendensiyasının davam edəcəyi gözlənilir”.
Şahanə Ziyad






