Xaricdən gələn tələbələr: Sadəcə universitetlər qazanmır

Xaricdən gələn tələbələr: Sadəcə universitetlər qazanmır
Kateqoriya məlum deyil
T

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artır. Rəsmi məlumatlara əsasən, 2025–2026-cı tədris ilində Azərbaycanda 120 ölkədən təxminən 9 min tələbə təhsil alıb.

Əcnəbi tələbələrin əksəriyyəti təhsil haqqı ödəyərlər. Bu, onların təhsil aldığı universitetlərin maliyyə vəziyyətinin möhkəmlənməsinə kömək edir.

Bəs Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artmasından sadəcə universitetlər qazanır?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, xarici tələbələrin Azərbaycana gəlməsi yalnız təhsil sisteminin beynəlmiləlləşməsi deyil, eyni zamanda ölkəyə valyuta gətirən xidmət ixracıdır.

Onun sözlərinə görə, xarici tələbələr təhsil haqqı ilə yanaşı, kirayə, qida, nəqliyyat, rabitə, tibbi xidmət və gündəlik istehlak üçün də vəsait xərcləyirlər. Ekspert dedi ki, bu səbəbdən onların iqtisadi təsiri yalnız universitetlərin əldə etdiyi təhsil haqqı ilə məhdudlaşmır:

“Real gəliri hesablamaq üçün xarici tələbələrin ümumi sayını, onların hansı universitetlərdə oxuduğunu, orta təhsil haqqını və ölkədə orta hesabla nə qədər yaşadığını nəzərə almaq lazımdır. Məsələn, əgər xarici tələbənin illik təhsil haqqı orta hesabla 3-5 min dollar, ölkədə yaşayış və digər xərcləri isə ildə 3-6 min dollar təşkil edirsə, bir tələbənin Azərbaycan iqtisadiyyatına illik birbaşa töhfəsi təxminən 6-11 min dollar aralığında ola bilər”.

A.Nəsirlinin fikrincə, bu yanaşma ilə 10 min xarici tələbə ölkəyə ildə təxminən 60-110 milyon dollar, 20 min tələbə 120-220 milyon dollar, 30 min tələbə isə 180-330 milyon dollar həcmində birbaşa iqtisadi gəlir gətirə bilər:

“Universitetlər üçün xarici tələbələr xüsusilə əhəmiyyətlidir. Çünki onlar bir çox hallarda yerli tələbələrdən fərqli olaraq dövlət sifarişi hesabına deyil, ödənişli əsaslarla təhsil alırlar. Bu isə universitetlərin gəlirlərini artırır, yeni proqramların yaradılmasına, beynəlxalq müəllimlərin cəlb edilməsinə və təhsil infrastrukturunun inkişafına əlavə maliyyə imkanı yaradır”.

O qeyd edib ki, xarici tələbələrin sayının artması universitetlərin beynəlxalq reytinqlərdə və akademik əməkdaşlıq şəbəkələrində görünürlüğünü də yüksəldə bilər:

“Azərbaycanın təhsil turizmindən daha böyük gəlir əldə etməsi üçün yalnız tələbə sayının artırılması kifayət deyil. Xarici tələbələrə təqdim olunan xidmətlərin keyfiyyəti də əsas amillərdəndir. İngilis və digər xarici dillərdə proqramların artırılması, yataqxana imkanlarının genişləndirilməsi, viza və yaşayış prosedurlarının sadələşdirilməsi, beynəlxalq akkreditasiyalı proqramların çoxaldılması və məzunların Azərbaycanda işləməsinə imkan verən mexanizmlərin təkmilləşdirilməsi vacibdir”.

İqtisadçı hesab edir ki, daha böyük iqtisadi potensial magistratura, doktorantura, tibb, mühəndislik, İKT, biznes və digər yüksək əlavə dəyər yaradan ixtisaslardadır:

"Bu ixtisaslarda oxuyan tələbələr daha uzun müddət Azərbaycanda qala, daha çox xərc çəkə və sonradan ölkə iqtisadiyyatında əmək resursu kimi də iştirak edə bilərlər. Xarici tələbələrin ölkəyə gətirdiyi gəliri yalnız universitetlərin topladığı təhsil haqqı kimi qiymətləndirmək düzgün deyil. Bu gəlir təhsil, yaşayış, xidmət, turizm və istehlak xərclərinin yaratdığı kompleks iqtisadi gəlirdir. Azərbaycanın əsas məqsədi isə xarici tələbələrin sayını artırmaqdan daha çox, adambaşına düşən iqtisadi gəliri yüksəltmək və onları ölkədə daha uzun müddət saxlamaq olmalıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR