Böyük Britaniya parçalanır - Memorandum imzalandı

Şotlandiya, Uels və Şimali İrlandiyanın millətçi liderləri Böyük Britaniyadan ayrılma istiqamətində ilk addımı atıblar.
Sfera.az xəbər verir ki, üç ölkənin liderləri Kardiffdə bir araya gələrək birgə memorandum imzalayıblar. Sənəddə ölkələrin gələcəyi ilə bağlı daha sıx əməkdaşlıq və konstitusion dəyişikliklərin təşviq edilməsi nəzərdə tutulub.
Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, “Plaid Cymru” partiyasının lideri Rhun ap Iorvert və “Sinn Feini”n lideri Mişel ONil birgə mətbuat konfransı keçiriblər. Liderlər bildiriblər ki, “Vestminster dövrü başa çatır” və siyasi mənzərə artıq dəyişib.
Qeyd olunub ki, ilk dəfə Şotlandiya, Uels və Şimali İrlandiyanın hər üçünün millətçi liderləri var. İmzalanan memorandumda daha güclü və ədalətli iqtisadiyyatın qurulması, öz enerji resurslarının genişləndirilməsi və ölkələrin gələcəyinin Avropa İttifaqında olması ilə bağlı mövqelər əksini tapıb.
“Sinn Fein”in rəhbəri Meri Lu Makdonald da görüşə qatılıb və razılaşmanın imzalanmasını “tarixi” hadisə adlandırıb.
“Bu, gələcəyimizi müəyyən etməkdə ayrılmaz hüququmuzu kollektiv şəkildə müdafiə etdiyimiz andır”, - deyə o bildirib.
Liderlər qeyd ediblər ki, onların təşəbbüsləri arxasında ciddi ictimai-siyasi dinamika formalaşıb və konstitusion dəyişikliklərin gələcəyinə inanırlar.
Onlar öz xalqlarının öz müqəddəratını təyinetmə hüququna malik olduğunu vurğulayaraq, Böyük Britaniya hökumətini bütün yurisdiksiyalarda konstitusion dəyişikliklərə hazırlaşmağa, onları planlaşdırmağa və bu prosesə şərait yaratmağa çağırıblar.
Bununla yanaşı, liderlər partiyalarının konstitusion məsələlərə fərqli yanaşdığını və hər bir xalqın öz gələcəyini öz yolu və vaxtında müəyyən edəcəyini bildiriblər.
Üç liderin ortaq mövqeyi isə xalqlarının səslərinin eşidilməsini təmin etmək əzmi olub.
Bəsti Rəfizadə
Sfera.az






