Səudiyyə Ərəbistanı ilə ABŞ arasında vacib görüş

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperlə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər və Yaxın Şərqdəki son proseslər müzakirə olunub.
Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Məhəmməd bin Salman CENTCOM komandanı Bred Kuper və onu müşayiət edən nümayəndə heyətini Ciddə şəhərində qəbul edib.
Görüş zamanı Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı münasibətlər, eləcə də regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Səudiyyə Ərəbistanının dövlət naziri, Nazirlər Kabinetinin üzvü və Milli Təhlükəsizlik üzrə müşaviri Musaid bin Məhəmməd əl-Ayban da iştirak edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı son dövrlərdə Yəməndə İran tərəfindən dəstəklənən husilərin hücumlarının hədəfinə çevrilir. Hücumlar zamanı Səudiyyə Ərəbistanındakı enerji istehsalı obyektləri də daxil olmaqla müxtəlif strateji məntəqələr hədəfə alınıb.
İradə Elsevər






