Ermənistanla İran arasındakı "yaşıl dəhliz" Azərbaycana nə verəcək? - PROQNOZ

Ermənistanla İran arasındakı "yaşıl dəhliz" Azərbaycana nə verəcək? - PROQNOZ
Kateqoriya məlum deyil
T

Ermənistan və İran arasında Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl” gömrük dəhlizinin yaradılması barədə razılıq əldə olunub.

Razılaşma İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Fərud Əsgərinin Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyanla Culfa şəhərində keçirdiyi görüş zamanı əldə edilib.


Sentyabrın 12-də baş tutan görüşdə tərəflər iki ölkə arasında ticarətin inkişaf etdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və sərhəddən malların daşınmasının sürətləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.


Bəs İran-Ermənistan sərhədində “yaşıl dəhliz”in yaradılması Azərbaycanın regional nəqliyyat və tranzit mövqeyinə necə təsir edə bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Cəfərov bildirib ki, gömrük prosedurlarının sadələşdirilməsi tranzit imkanlarının avtomatik olaraq artması demək deyil:


“Aydın məsələdir ki, hər hansı bir keçid məntəqəsində “yaşıl dəhliz”in yaradılması ölkənin tranzit mövqeyini gücləndirir. Amma bu, tranzit imkanlarının artması anlamına da gəlməməlidir. Tranzit imkanlarının artması gömrük prosedurlarının sadələşdirilməsindən çox, yol infrastrukturundan asılıdır. Bu baxımdan Norduz–Mehri keçidində “yaşıl dəhliz”in yaradılmasının bu marşrut üzrə tranzit imkanlarını dərhal artıracağını düşünmürəm. Bildiyimiz kimi, İranla Ermənistan arasında yükdaşımalar avtomobil nəqliyyatı ilə həyata keçirilir. Avtomobillər İrandan Ermənistana daxil olduqdan sonra olduqca yüksək dağlıq ərazilərdən keçir.

Qış aylarında bu yollardan istifadə etmək bəzi hallarda mümkünsüz olur. Bu səbəbdən İran və Ermənistan keçid məntəqəsində “yaşıl dəhliz”in yaradılmasına paralel olaraq bu marşrut üzərində yeni tunellərin tikintisinə başlayıblar. Yəni həm İranın, həm də Ermənistanın bu istiqaməti inkişaf etdirməkdə maraqlı olduğu görünür. Bu baxımdan görülən işləri Azərbaycana qarşı əhəmiyyətsiz bir addım kimi qiymətləndirmək də düzgün olmaz. Görünən odur ki, qarşıdakı illərdə İran–Ermənistan xəttinin daha səmərəli işləməsi üçün müəyyən investisiyalar qoyulur”.


İqtisadçının sözlərinə görə, hazırda İran-Ermənistan marşrutunun əsas məhdudiyyətlərindən biri dəmir yolu əlaqəsinin olmamasıdır, amma gələcəkdə Ermənistan ərazisindən keçən TRIPP layihəsi çərçivəsində dəmir yolu və digər nəqliyyat infrastrukturu qurularsa, vəziyyət dəyişə bilər:


“Bu proses Azərbaycan üçün ciddi alternativə çevrilə bilər. Düzdür, indiki halda İran yüklərinin Ermənistan ərazisindən dəmir yolu ilə qərbə daşınması mümkünsüz görünür. Məlumdur ki, TRIPP layihəsinin ABŞ-nin nəzarətində olması planlaşdırılıb. Belə olan halda da İran-Ermənistan marşrutu Azərbaycandan keçən marşrutlarla rəqabət apara bilməyəcək. Amma əsas risklərdən biri də odur ki, gələcəkdə İran mənşəli məhsullar Ermənistan ərazisində müəyyən emal, qablaşdırma və ya digər əməliyyatlardan sonra Ermənistan mənşəli məhsul kimi təkrar ixrac edilə bilər. Təbii ki, bunun nə qədər real olub-olmayacağını gələcəkdə gömrük qaydaları və mənşə tələbləri müəyyən edəcək. Amma iqtisadi baxımdan belə bir ssenari mümkündür. Dediyim kimi, bütün bunların reallaşması üçün hələ qarşıda uzun bir müddət var. İndiki halda İran-Ermənistan marşrutu keçid məntəqəsində “yaşıl dəhliz”in yaradılmasına baxmayaraq Azərbaycanla rəqabət apara bilməz. Çünki Azərbaycanın tranzit sistemi yalnız bir avtomobil yolundan ibarət deyil. Ölkə dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatını birləşdirən multimodal sistemə malikdir. Biz hətta görürük ki, Ermənistanın özü belə Rusiya ilə ticarət əlaqələrində Azərbaycan dəmir yolu sistemindən istifadə edir”.

A.Cəfərovun fikrincə, Azərbaycanın mövcud nəqliyyat infrastrukturu və Orta Dəhlizdəki mövqeyi ölkənin regional tranzit üstünlüyünü qoruyur:

“Bu baxımdan istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizi üzrə daşınan yüklər üçün Azərbaycan Ermənistanla müqayisədə qat-qat əlverişli mövqedə yerləşir. Üstəlik, Azərbaycan Orta Dəhlizin əsas hissələrindən biridir. Bu marşrut Çin və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya bağlayır. Burada dəmir yolu, avtomobil yolları, Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi bir-birini tamamlayan infrastruktur mövcuddur. Bu səbəbdən mən hazırkı İran-Ermənistan “yaşıl dəhliz”ini Azərbaycanın tranzit mövqeyinə birbaşa təhlükə kimi qiymətləndirməzdim. Daha doğru ifadə budur ki, İran və Ermənistan öz aralarında alternativ logistika xəttini daha səmərəli etməyə çalışırlar. Azərbaycan üçün əsas risk isə, dediyim kimi, əgər bu marşrut gələcəkdə həm avtomobil, həm də dəmir yolu baxımından inkişaf etdirilərsə, regionda tranzit marşrutlarının sayı artacaq. Ona görə Azərbaycan indidən rəqabəti nəzərə almalıdır. Bizim məqsədimiz alternativ marşrutların qarşısını almaq yox, öz marşrutumuzu o qədər səmərəli etmək olmalıdır ki, yük sahibləri seçim qarşısında qalanda Azərbaycan üzərindən keçməyi daha sərfəli hesab etsinlər”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR