Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: Türkmənistan vətəndaşı yaralandı

Məşhur aktyor Kıvanç Tatlıtuğun açılan cinayət işi ilə bağlı istintaqa cəlb edildiyinə dair iddialar yayılıb. İddialara əsasən, cinayət işi Tatlıtuğun İstanbulun Göktürk rayonundakı evində təmizlik işləri aparan işçinin damdan yıxılması və ağır yaralanması ilə bağlıdır. Aktyorun vəkili İbrahim Ateş məsələ ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, aktyorun evində təmizlik işləri aparan Türkmənistan vətəndaşı damdan yıxılaraq ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Tatlıtuğ haqqında şikayət edildiyi iddia olunur. Tatlıtuğun vəkili İbrahim Ateş yayılan xəbərlərin bir qisminin həqiqəti əks etdirmədiyini bildirib. Açıqlamada qeyd olunub ki, hadisə avqustun 31-də Tatlıtuğun evinin həyətində baş verib. Aktyor və ailəsi həmin vaxt şəhərdən kənarda olub. Evin həyətində təmir və tikinti işlərinin Göktürkdə fəaliyyət göstərən bir şirkət tərəfindən aparıldığı bildirilib.
Vəkilin sözlərinə görə, işlərin dördüncü günündə şirkətin nümayəndəsi gündəlik əməkhaqqı ilə çalışan bir şəxsi Kıvanç Tatlıtuğun və ya onun əməkdaşlarının məlumatı, icazəsi və razılığı olmadan iş sahəsinə gətirib. Bildirilib ki, şirkət nümayəndəsi bu faktı polisə verdiyi ifadəsində də açıq şəkildə təsdiqləyib.
Açıqlamada xüsusilə vurğulanıb ki, hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq Kıvanç Tatlıtuq barəsində hər hansı istintaq və ya araşdırma aparılmayıb. Vəkil həmçinin bildirib ki, Tatlıtuq insani və vicdani məsuliyyət anlayışı ilə hadisənin ilk günündən etibarən xəsarət alan şəxsin ailəsi ilə əlaqə saxlayıb. Onun xəstəxanada müalicəsi, sonrakı tibbi yardımı və müalicə xərcləri, eləcə də ailə üzvlərinin ehtiyacları ilə yaxından maraqlanıb. Bu dəstəyin hazırda da davam etdiyi qeyd olunub.Vəkilin açıqlamasında, hadisəyə səbəb olan şəxslər barəsində əlavə olaraq şikayət veriləcəyi və məhkəməyə müraciət ediləcəyi də qeyd olunub.
İradə Elsevər






