Hakimiyyətdə olub, görünməyən liderlər - ARAŞDIRMA

Hakimiyyətdə olub, görünməyən liderlər - ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

İran Prezidenti Məsud Pezeşkian ali rəhbər Müctəba Xameneinin səhhətinin yaxşı olduğunu və ölkənin idarə olunmasına tam şəkildə rəhbərlik etdiyini bildirib. Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması isə dünyada təhlükəsizlik səbəbindən görünməz vəziyyətə keçən siyasi liderləri yenidən gündəmə gətirib.

Sfera.az xəbər verir ki, "Reuters"in məlumatına görə, Müctəba Xamenei 2026-cı il martın 8-də ali rəhbər seçildikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.

Onun ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi zərbə zamanı yaralandığı bildirilir. İran rəsmiləri isə onun təhlükəsizlik səbəbindən gizli saxlanıldığını və qərarvermə prosesində iştirak etdiyini bildirirlər.

Xameneinin vəziyyəti dünyada ilk belə nümunə deyil. Müxtəlif dövrlərdə siyasi liderlər təhlükəsizlik, müharibə və sui-qəsd təhlükəsi səbəbindən uzun müddət ictimaiyyət qarşısına çıxmayıblar.

İraqın keçmiş prezidenti Səddam Hüseyn də hakimiyyətinin son illərində təhlükəsizlik tədbirlərini ciddi şəkildə artırmışdı. 2003-cü ildə hakimiyyətdən devrildikdən sonra isə aylarla gizlənərək yaşayıb. ABŞ hərbçiləri onu həmin ilin dekabrında Tikrit yaxınlığında yeraltı sığınacaqda aşkar ediblər.

Şimali Koreya lideri Kim Çen Inın da müxtəlif vaxtlarda həftələrlə ictimaiyyət qarşısında görünməməsi diqqət çəkib. Xüsusilə 2020-ci ildə onun bir neçə həftə ərzində ictimai tədbirlərdə iştirak etməməsi ilə bağlı müxtəlif ehtimallar səsləndirilmişdi. Daha sonra dövlət mediası onun görüntülərini yayımlamışdı.

Kubanın keçmiş lideri Fidel Kastro isə 2006-cı ildə səhhətində yaranan problemlərdən sonra hakimiyyətin gündəlik idarəçiliyindən müvəqqəti uzaqlaşmışdı. Uzun müddət ictimaiyyət qarşısında görünməyən Kastro daha sonra dövlət mediasında yayımlanan görüntülərlə yenidən gündəmə gəlmişdi.

"Taliban"ın ali lideri Heybətullah Axundzadə də görünmür. Demək olar ki, heç bir video və ya foto şəkli yoxdur, beynəlxalq görüşlərə qatılmır. Ölkəni tamamilə qapalı şəkildə, verdiyi dini və siyasi fərmanlarla idarə edir.

"Afrikanın Şimali Koreyası" adlandırılan Eritreyanın rəhbəri İsaias Afveki. 1993-cü ildən bəri ölkəni idarə edir. Ölkədə müstəqil mətbuat, müxalifət yoxdur və seçkilər keçirilmir. Afveki qərb mətbuatına heç vaxt müsahibə vermir, beynəlxalq sammitlərdə demək olar ki, iştirak etmir və olduqca qapalı, gizli bir həyat sürür.

Belə hallarda liderin ictimaiyyət qarşısında görünməməsi avtomatik olaraq onun hakimiyyətdən uzaqlaşdırıldığı anlamına gəlmir. Bəzi ölkələrdə dövlət başçısının qərarları yazılı bəyanatlar, yaxın çevrəsi və digər yüksək vəzifəli şəxslər vasitəsilə ictimaiyyətə çatdırılır. Lakin liderin uzun müddət görünməməsi onun səhhəti, təhlükəsizliyi və real idarəetmə imkanları ilə bağlı sualların yaranmasına səbəb olur.

Müctəba Xamenei nümunəsində də oxşar vəziyyət müşahidə edilib. "Reuters" avqustun sonunda yazıb ki, onun son altı ay ərzində heç bir foto, video və ya audio mesajı yayımlanmayıb.

Tarixdə liderlərin təhlükəsizlik səbəbindən ictimaiyyətdən uzaq saxlanılması müxtəlif siyasi sistemlərdə dəfələrlə baş verib. İranın hazırkı vəziyyətini fərqləndirən əsas məqam isə ali rəhbərin uzun müddət görünmədiyi şəraitdə ölkənin müharibə və yüksək geosiyasi gərginlik içində olmasıdır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR