Boşansa milyarder olacaq
"Nvidia" şirkətinin keçmiş baş direktoru Censen Huanqın həyat yoldaşı Lori boşanma halında onun sərvətinin yarısına - ən azı 70 milyard dollara iddia edə bilər.
Sfera.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Huanqın xəyanət etirafından sonra boşanma barədə şayiələr yayılmağa başlayıb. Cütlük birgə mülkiyyət rejiminin qüvvədə olduğu Kaliforniya ştatında yaşayır. Bu isə o deməkdir ki, nikah dövründə əldə edilmiş bütün aktivlər, o cümlədən "Nvidia" səhmləri yarı bölünməlidir.
"Forbes"in qiymətləndirməsinə görə, iş adamının sərvəti təxminən 141.7 milyard dollardır. Beləliklə, Lorinin azı 70 milyard dollara yiyələnmək şansı var.
Yekun məbləğ nikah müqavilələrindən və bəzi əmlakların Huanqın şəxsi mülkiyyəti olduğunu sübut edib-edə bilməyəcəyindən asılıdır.
Hələlik boşanma prosesinin rəsmən başlaması ilə bağlı heç bir açıqlama verilməyib.
Xatırladaq ki, Huanqın ətrafındakı qalmaqal noyabrın əvvəlində başlanıb. İlkin olaraq onun Sinqapurun "Megaspeed" şirkətində rəhbər vəzifədə çalışan Elis Huanq (soyadları eynidir) ilə gizli münasibətləri üzə çıxıb. ABŞ kəşfiyyatının məlumatlarına görə, həmin qadının Çin kəşfiyyat orqanları ilə əlaqələri ola bilər.
Daha sonra media onun tabeliyində olan "Nvidia"nın səhiyyə üzrə vitse-prezidenti Kimberli Pauell ilə ikinci eşq macərası barədə məlumat yayıb.
Noyabrın 8-də biznesmen xəyanətini etiraf edərək, həyat yoldaşı və uşaqlarından üzr istəyib. Bu hərəkətinə heç bir bəraət qazandıra bilməyəcəyini vurğulayıb.
Qalmaqal fonunda Huanq "Nvidia"nın prezidenti və baş direktoru vəzifələrini tərk edib. Şirkətin səhmləri kəskin şəkildə ucuzlaşıb və qalmaqal başlayandan bəri kapitallaşma təxminən 600 milyard dollar dəyər itirib./Oxu.Az






