Bu qidadan mebel istehsalında istifadə olunur - MARAQLI
Hər gün tonlarla qəhvə çöküntüsü məişət tullantısı kimi atılır. Lakin bu tullantılar artıq mebel və dekorativ əşyaların hazırlanmasında xammal kimi istifadə olunur.
Sfera.az xəbər verir ki, tullantı kimi atılan qəhvə çöküntüləri təkrar emal edilərək mebel istehsalında istifadə olunmağa başlanıb.
Bu təşəbbüs həm tullantıların azaldılmasına, həm də ətraf mühitin qorunmasına töhfə verməyi hədəfləyir.
Londondakı kafelərdən toplanan qəhvə çöküntüləri və istifadə edilmiş çay yarpaqları 3D çap texnologiyası vasitəsilə mebel, işıqlandırma qurğuları və dekorativ heykəllərə çevrilir.
Tayvanlı üç dizaynerin həyata keçirdiyi “After the Last Sip” layihəsi çərçivəsində içki tullantıları xüsusi emaldan keçirilərək “PLA” adlı termoplastik materialla qarışdırılır və istehsalda istifadə olunur.
Layihə çərçivəsində əvvəlcə kafelərdən toplanan tullantılar qurudulur və xırdalanır. Daha sonra “PLA” ilə qarışdırılan material 3D printerlər vasitəsilə müxtəlif formalarda hazırlanır.
Dizaynerlər tullantıların miqdarının və hissəciklərin ölçüsünün hazır məhsulların rənginə, teksturasına, işıqkeçirmə xüsusiyyətinə və möhkəmliyinə təsirini də araşdırıblar.
Hazırlanan materialdan stullar, masalar, işıqlandırma qurğuları və müxtəlif sənət əsərləri yaradılır. İstehsal zamanı uğursuz çap nümunələri və kəsilmiş hissələr də yenidən emal edilərək prosesə qaytarılır.
Layihənin əsas məqsədi gündəlik məişət tullantılarını faydalı və estetik məhsullara çevirməklə ətraf mühitə mənfi təsiri azaltmaqdır.
İradə Elsevər







