Azərbaycan XİN rəhbəri: "Ermənistanla münasibətlərdə müsbət irəliləyişlər var"
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində bir sıra müsbət irəliləyişlər müşahidə olunur.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş zamanı litvalı həmkarına Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf dinamikası və sülh prosesi barədə ətraflı məlumat verib.
C.Bayramov müsbət irəliləyişlər sırasında Ermənistan üçün nəzərdə tutulan tranzit yüklərin Azərbaycan ərazisindən daşınmasına başlanmasını, iki ölkə arasında danışıqların davam etdirilməsini, rəsmi nümayəndə heyətləri və dövlət qurumları arasında təmasların intensivləşməsini qeyd edib. Nazir cəmiyyət nümayəndələri arasında etimad quruculuğu tədbirlərinin artırılmasının sülh prosesinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
O, həmçinin Ermənistanda yeni konstitusiya layihəsinin hazırlanması və digər son inkişaflar ətrafında litvalı həmkarı ilə fikir mübadiləsi apardığını bildirib.
Şahanə Ziyad
Sfera.az






