Litva XİN rəhbəri: "Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi mühümdür"
Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri yeni səviyyəyə yüksəlib. İkitərəfli əlaqələrin genişləndirilməsi ilə yanaşı, Azərbaycanla Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsi də prioritet istiqamətlərdən biridir.
Sfera.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
O, iqtisadi şaxələndirmə və strateji əməkdaşlıq imkanlarına toxunaraq əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
K.Budris qeyd edib ki, Litva gələn il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrliyə başlayacaq. Bu müddətdə həm Aİ-yə üzv 27 ölkə arasında həll yollarının tapılmasına, həm də İttifaqın tərəfdaşları ilə münasibətlərinin inkişafına dəstək göstəriləcək.
Nazirin sözlərinə görə, Azərbaycanla əməkdaşlıqda konkret nəticə əldə etmək istədikləri istiqamətlərdən biri də viza prosedurlarının sadələşdirilməsidir:
“Biz yalnız müzakirələrə başlamaqla kifayətlənməməli, hər iki tərəfdə müvafiq hüquqi proseslərə də start verməliyik. İnanıram ki, səfərlər üçün daha əlverişli şəraitin yaradılması və təmasların artması qarşılıqlı anlaşmanı gücləndirəcək, ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar açacaq”.
Şahanə Ziyad
Sfera.az






