Gündə 6 saatdan çox oturmaq risklidir — 10 illik araşdırma

Gündə 6 saatdan çox oturmaq risklidir — 10 illik araşdırma
Kateqoriya məlum deyil
T

Çinli alimlərin 41 mindən çox yetkin insanın iştirakı ilə apardığı 10 illik araşdırma uzun müddət oturmağın sağlamlıq üçün ciddi risklər yarada biləcəyini ortaya qoyub.

Sfera.az xəbər verir ki, araşdırmaya görə, sağlamlıq baxımından ən aşağı risk gündə orta hesabla 4 saat oturan insanlarda müşahidə edilib.

Gündə 2 saatdan az və ya 6 saatdan çox oturmaq isə mənfi sağlamlıq nəticələri ilə əlaqələndirilib.

Tədqiqatçılar bildirirlər ki, oturma müddətinin təsiri insanın gündəlik fiziki aktivliyindən və iş şəraitindən də asılıdır. Xüsusilə fiziki cəhətdən ağır işlərdə çalışan insanlar üçün müəyyən qədər oturmaq əzələ-skelet sisteminin gərginliyini azaltmaq və bədənin bərpasına imkan vermək baxımından faydalı ola bilər.

Digər tərəfdən, uzun müddət hərəkətsiz qalmaq piylənmə, yüksək xolesterol, ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri ilə bağlı riskləri artıra bilər. Araşdırmada gündə 8 saatdan çox oturmanın sağlamlıq baxımından xüsusilə riskli olduğu vurğulanır.

Məlumata görə, gündə 4 saatdan az oturan Çinli iştirakçılar oturma və ya yuxu müddətinin 30 dəqiqəsini fiziki fəaliyyətlə əvəz etdikdə ölüm riskində 4-6 faiz azalma müşahidə ediblər.

Mütəxəssislər bununla yanaşı, uzun müddət oturan insanların gün ərzində müntəzəm fasilələr verməsinin və fiziki aktivliyi artırmasının vacib olduğunu bildirirlər. Tədqiqatın nəticələri həddindən artıq oturma müddətinin azaldılması və gündəlik fiziki fəaliyyətin artırılması ilə bağlı mövcud tövsiyələri dəstəkləyib.

Araşdırma göstərib ki, sağlamlıq üçün yalnız idman etmək deyil, gün ərzində hərəkətsiz qalınan vaxtın azaldılması da mühüm əhəmiyyət daşıyır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR