Paşinyan: "Geri çəkilməyəcəyik"
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində atdığı addımlardan geri çəkilməyəcəyini bildirib.
Sfera.az xəbər verir ki, Paşinyan Rusiyanın etirazlarına baxmayaraq, Ermənistanın Aİ-yə üzvlük prosesini başlatan qanunun ləğvinin mümkün olmadığını vurğulayıb. Baş nazir ölkəsinin 2028-ci ilə qədər Aİ-yə üzvlük üçün rəsmi müraciət etməyi planlaşdırdığını da xatırladıb.
Moskva isə Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında qalmasını, həm də Aİ-yə üzvlük istiqamətində irəliləməsini problemli hesab edir. Rusiya İrəvana iqtisadi məhdudiyyətlər və güzəştli qaz qiymətlərinin ləğvi ilə bağlı xəbərdarlıqlar edib.
Dekabrın 3-də Moskvaya səfər edəcək Paşinyan Vladimir Putinlə görüşdə iki ölkə arasındakı gərginliyin azalacağına ümid etdiyini bildirib. O, həmçinin Ermənistanın Türkiyə və İran sərhədlərindəki Rusiya sərhəd mühafizəçilərindən mərhələli şəkildə asılılığını azaltmaq və sərhədlərin mühafizəsini tamamilə öz üzərinə götürmək niyyətində olduğunu açıqlayıb.
İradə Elsevər
Sfera.az






