ABŞ Ukraynaya 2 seçim təklif etdi - Zelenski razılaşacaqmı?
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həlli ilə bağlı iki əsas variantın müzakirə olunduğunu açıqlayıb.
Bu barədə “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerə verdiyi müsahibədə bildirib. Kuşnerin sözlərinə görə, ABŞ nümayəndələri Moskva ilə qapalı danışıqlar çərçivəsində müxtəlif təklifləri nəzərdən keçirirlər.
Onun qeyd etdiyi ilk variant münaqişənin dondurulması, bunun ardınca atəşkəsin əldə olunması və sülhün təmin edilməsidir. İkinci variant isə Ukraynanın Donbasın bütün ərazisindən imtina etməsi müqabilində NATO-ya tamhüquqlu üzv qəbul olunmasını nəzərdə tutur.
Kuşner ABŞ-nin əsas məqsədinin münaqişənin başa çatmasına imkan verən variantın reallaşdırılması olduğunu vurğulayıb.
Maraqlıdır, Ukrayna bu 2 şərti qəbul edəcəkmi?
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Kuşnerin təqdim etdiyi variantlar əslində Vaşinqtonun müharibənin dayandırılması üçün tərəflərin indiyədək qəbul etmədiyi kompromis variantlarını axtardığını göstərir:

“İlk variant, yəni münaqişənin mövcud təmas xətti üzrə dondurulması Kiyevin maraqlarına cavab verir. Belə ki, bu variant Ukrayna üçün ərazi bütövlüyü məsələsində hüquqi mövqeyindən geri çəkilmədən hərbi əməliyyatları dayandırmaq imkanı yarada bilər. Lakin Kiyev üçün əsas məsələ atəşkəsin hansı təhlükəsizlik mexanizmləri ilə təmin olunacağıdır. Ukrayna rəhbərliyi yaxşı anlayır ki, sadəcə silahların susması gələcəkdə Rusiyanın yenidən hərbi əməliyyatlara başlamayacağına zəmanət vermir. Buna görə də ABŞ və Avropa ölkələrinin konkret, hüquqi baxımdan öhdəlik yaradan təhlükəsizlik təminatları xüsusi əhəmiyyət daşıyır”.
Ekspert ikinci variantın isə daha mürəkkəb və siyasi baxımdan həssas olduğunu açıqlayıb:
“Donbasın bütün ərazisindən imtina müqabilində NATO üzvlüyü Ukrayna üçün təhlükəsizlik təminatı kimi təqdim olunsa da, bu, ölkənin ərazi bütövlüyü və konstitusion prinsipləri ilə bağlı ciddi suallar doğurur. Zelenski indiyədək Ukrayna ərazilərinin güzəştə gedilməsinə qarşı mövqe nümayiş etdirib. Bununla yanaşı, o, belə bir təklifin real təhlükəsizlik təminatları, güclü ordu və bərpa maliyyəsi ilə müşayiət olunacağı təqdirdə xalq referendumuna çıxarıla biləcəyini bildirib. Deməli, Kiyevin bu varianta razılıq verməsi avtomatik qərar deyil və Ukrayna cəmiyyətinin mövqeyindən də asılı olacaq. Burada maraqlı olan Rusiyanın ikinci təklifə münasibətinin necə olacağıdır. Moskvanın Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməsi ehtimalı hazırkı siyasi mövqelər fonunda olduqca məhdud görünür. Çünki Ukraynanın NATO-ya inteqrasiyasının qarşısının alınması Kremlin müharibə boyunca irəli sürdüyü əsas tələblərdən biridir. Rusiya nümayəndələri danışıqlarda Kiyevin NATO üzvlüyü ambisiyalarından imtina etməsini, hətta bu istiqamətdə konstitusion dəyişikliklər etməsini tələb ediblər. Moskva, həmçinin Ukraynada NATO hərbi qüvvələrinin və hərbi infrastrukturunun yerləşdirilməsinə qarşı çıxır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Ukraynanın NATO-ya hər hansı formada yaxınlaşdırılmasını qəbuledilməz adlandırıb".
Politoloq NATO-ya yeni üzvün qəbulu üçün alyansın bütün üzvlərinin yekdil razılığının tələb olunmasına diqqət çəkib:
"Yəni hətta ABŞ bu təklifi dəstəkləsə belə, digər üzv dövlətlərin mövqeyi də həlledici olacaq. Almaniya kimi bəzi Avropa ölkələrinin Ukraynanın üzvlüyü ilə bağlı ehtiyatlı yanaşması prosesin mürəkkəbliyini artırır. Düşünürəm ki, Moskva üçün Donbasın verilməsi müqabilində Ukraynanın NATO-ya qəbuluna razılıq vermək özünün indiyədək əsaslandırdığı müharibə məqsədləri ilə ziddiyyət təşkil edərdi. Bu səbəbdən belə bir razılaşmanın əldə olunması üçün Rusiyanın təhlükəsizlik və geosiyasi tələblərində ciddi dəyişiklik baş verməlidir. Odur ki, hər iki təklif müəyyən diplomatik imkanlar yaratsa da, onların reallaşması ciddi siyasi maneələrlə üzləşir. İlk ssenari atəşkəs və təhlükəsizlik təminatları üzərində kompromis axtarışı baxımından daha geniş müzakirə imkanına malikdir. İkinci ssenari isə həm Ukraynanın ərazi bütövlüyü, həm də Rusiyanın NATO ilə bağlı prinsipial mövqeyi səbəbindən daha mürəkkəbdir”.
Bəsti Rəfizadə






