Logo

“Lukoyl”un Azərbaycan aktivləri amerikalıların əlinə keçir? – Böyük sövdələşmə

“Lukoyl”un Azərbaycan aktivləri amerikalıların əlinə keçir? – Böyük sövdələşmə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) da daxil olduğu konsorsium Rusiyanın nəhəng neft şirkəti “Lukoyl”un beynəlxalq aktivlərinin alınması ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Amerikalı milyarder Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma ABŞ-nin “Eldridge” və “Xtellus Partners” maliyyə şirkətləri, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin “Catena” investisiya fondu daxildir. Bir ildən çox davam edən danışıqlardan sonra əldə olunan razılaşma “Lukoyl”un 10 milyard dollarlıq qiymətli kağızlarının şirkətin beynəlxalq aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur.

Təxminən 16 milyard dollar dəyərində qiymətləndirilən aktivlər portfelinə Azərbaycan və Qazaxıstandakı neft yataqları, bir sıra Avropa ölkələrindəki neft emalı zavodları, eləcə də geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir.

Sövdələşmə təsdiqlənməsi üçün ABŞ Maliyyə Nazirliyinə təqdim olunub. Sözügedən razılaşma ABŞ və Rusiya arasında münasibətlərin gələcək perspektivləri ilə bağlı bir sıra suallar doğurur.

Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında deyib ki, sözügedən razılaşma son vaxtlar Rusiya və ABŞ arasında baş verən prosesləri müəyyən mənada izah edir:

“Lukoyl”un Azərbaycan aktivləri amerikalıların əlinə keçir? – Böyük sövdələşmə

“Tramp administrasiyası ilə Kreml arasında olduqca yaxın münasibətlərin mövcudluğu müşahidə edilir. Bu da onu göstərir ki, səhnə arxasında hansısa xüsusi maraqlar üzərində qurulan anlaşmalar mövcuddur. Bir müddət öncə belə bir məlumat yayılmışdı ki, Kreml Tramp administrasiyasına Rusiyada Qərb şirkətlərinin boşaltdığı biznes məkanının ABŞ-yə məxsus şirkətlərə verilməsi ilə bağlı vədlər verib. Tramp administrasiyası da, təbii ki, bundan çox məmnundur. Çünki ABŞ şirkətləri Rusiyanın biznes məkanında avanqard mövqelər əldə etmək imkanı qazanıblar”.

Politoloqun sözlərinə görə, Rusiya bu biznes imkanlarını əsasən Prezident Donald Trampa və onun yaxın ətrafına aid şirkətlərə təqdim etmək niyyətindədir:

“Məhz bu səbəbdən də Tramp administrasiyası Rusiya ilə strateji tərəfdaş kimi davranır, Ukraynaya təzyiq göstərir. Bütün bunlar indiyədək müşahidə olunan proseslərin tərkib hissəsidir. İndi də bu prosesin davamı kimi ABŞ-yə aid bir konsorsiumun Rusiyanın mühüm enerji şirkəti olan "Lukoyl"un səhmlərini alması bir çox məqamlara aydınlıq gətirir. Bu da o deməkdir ki, Kreml Tramp administrasiyasına verdiyi vədləri tədricən yerinə yetirməkdədir”.

E.Xalidbəyli qeyd edib ki, “Lukoyl” kimi nəhəng şirkətlərin səhmlərinin alınması ABŞ üçün böyük əhəmiyyət daşıyır:

“Lakin iki ölkə arasında mövcud münasibətlərin Tramp administrasiyasından sonrakı dövrdə də davam edəcəyi inandırıcı görünmür. Təbii ki, bu, Tramp administrasiyası dövründə ABŞ və Rusiya arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişafına təsir göstərəcək. Ancaq Tramp administrasiyasından sonra indiki situasiyanın eynilə davam edəcəyi o qədər də inandırıcı görünmür. Böyük ehtimalla, ABŞ-nin ənənəvi Rusiya siyasəti tədricən bərpa olunmağa başlayacaq və bununla da ABŞ-nin Rusiya ilə strateji tərəfdaş kimi davranması dövrü sona çatacaq”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR