Xərçəngi erkən aşkar edən yeni qan testi hazırlanıb
Alimlər yumurtalıq xərçənginin erkən aşkarlanmasına kömək edə biləcək yeni qan testi üzərində işləyirlər. İlkin tədqiqatın nəticələrinə görə, test xərçəngin inkişafından əvvəl yarana bilən müəyyən hüceyrə dəyişikliklərini yüksək dəqiqliklə müəyyən edə bilir.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, yeni diaqnostik üsul yumurtalıq xərçəngi riski yüksək olan qadınlar üçün profilaktik tibbi yardımın təkmilləşdirilməsinə imkan yarada bilər.
Araşdırma zamanı test xərçəngönü dəyişiklikləri olan qadınların 92,3 faizini müəyyən edib.
Tədqiqatçılar bildiriblər ki, hazırda yumurtalıq xərçəngi riski yüksək olan qadınlarda profilaktik əməliyyatlarla bağlı qərarlar əsasən irsi risk faktorları nəzərə alınaraq verilir. Lakin bu zaman orqanizmdə həqiqətən xərçəngönü dəyişikliklərin mövcud olub-olmadığı barədə dəqiq məlumat əldə etmək mümkün olmur.
Tədqiqatçılardan Madanın sözlərinə görə, yeni kəşf gələcəkdə bu boşluğu aradan qaldıra bilər:
“Hazırda profilaktik əməliyyatlarla bağlı qərarlar əsasən irsi riskə əsaslanır. Lakin xərçəngönü dəyişikliklərin həqiqətən mövcud olub-olmadığı bilinmir. Kəşfimiz gələcəkdə bu çatışmayan bioloji məlumatı təmin edə bilər”.
Mütəxəssislər hesab edirlər ki, yeni diaqnostik yanaşma gələcəkdə yüksək risk qrupuna daxil olan qadınların daha dəqiq müayinəsinə və profilaktik müdaxilələrlə bağlı qərarların fərdi qaydada verilməsinə kömək edəcəyi güman olunur.
Bununla belə, alimlər vurğulayıblar ki, tədqiqatın nəticələri ilkin xarakter daşıyır. Testin effektivliyinin təsdiqlənməsi və geniş klinik istifadəyə yararlılığının müəyyən edilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Şahanə Ziyad






