Yol polisi bu sürücüləri cərimələyə bilmir – Qanun icazə vermir
Son dövrlər bəzi sürücülərin avtomobil idarə edərkən “TikTok” və digər sosial şəbəkələrdə canlı yayım açması yol hərəkəti təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Sükan arxasında canlı yayım aparmaq sürücünün diqqətini yoldan yayındırmaqla yanaşı, həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ata bilər.
Bəs avtomobil idarə edərkən canlı yayım açan sürücüləri hansı cəzalar gözləyir?
Nəqliyyat eksperti Raqif Raufoğlu Sfera.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar mövcuddur.
Onun sözlərinə görə, mövcud qanunvericilikdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən telefonu əlində saxlayaraq istifadə etməsi qayda pozuntusu hesab olunur:
“Mövcud qanunvericilikdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən telefonu əlində saxlayaraq istifadə etməsi qayda pozuntusu hesab olunur. Lakin müasir avtomobillərdə sürücünün diqqətini yayındıra biləcək kifayət qədər texnoloji vasitələr var. Məsələn, sürücü telefonu xüsusi tutacağa yerləşdirərək canlı yayım aça bilər. Bu halda telefon sürücünün əlində olmadığı üçün mövcud qanunvericiliyə əsasən, onun məsuliyyətə cəlb edilməsi çətinləşir. Halbuki telefondan istifadəyə qoyulan məhdudiyyətin əsas məqsədi sürücünün diqqətinin yoldan yayınmasının qarşısını almaqdır. Bu gün avtomobillər smartfon və planşetlərlə təchiz olunur. Sürücülər telefonlarını həmin sistemlərə inteqrasiya edərək canlı yayım aça bilirlər. Belə vəziyyətlərdə isə yol polisi əməkdaşları çətinliklə üzləşirlər”.
Ekspert qeyd edib ki, sürücünün diqqətinin yayınması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər:
“Əgər sürücü sükan arxasında telefon və ya digər elektron vasitələrlə məşğul olursa, diqqətini yola yönəltmirsə, bu, ciddi təhlükə yaradır. Nəticədə avtomobil başqa nəqliyyat vasitəsinə və ya maneəyə çırpıla bilər. Belə hadisələrin əsas səbəblərindən biri məhz diqqətin yayınmasıdır. Lakin burada qanunvericilik müəyyən qədər aciz qalır. Çünki bu cür halların necə sübuta yetiriləcəyi və hansı formada tənzimlənəcəyi sual doğurur”.

R.Raufoğlu hesab edir ki, texnologiyanın inkişafı fonunda qanunvericiliyə yenidən baxılmalı və bu kimi hallarla bağlı hüquqi tənzimləmə daha da dəqiqləşdirilməlidir:
“Bu məsələlərə gələcəkdə yenidən baxılması zəruridir. Çünki belə hallar kifayət qədər ciddi təhlükə yaradır. Xüsusilə hansı hərəkətlərin qayda pozuntusu hesab olunacağı dəqiq müəyyənləşdirilməlidir. Artıq bu cür texnologiyalarla təchiz edilmiş avtomobillər istehsal olunur və istifadəyə buraxılır. Ya həmin avtomobillər bu formada istehsal edilməməlidir, ya da istifadəyə buraxılıbsa, onların yaratdığı problemlərin əziyyətini insanlar çəkməməlidir. Buna görə də belə hallara qarşı daha sərt tədbirlərin nəzərdə tutulması vacibdir”.
Ekspert əlavə edib ki, bu cür qayda pozuntularının sübuta yetirilməsi yol polisi əməkdaşları üçün də çətinlik yaradır:
“Məsələn, sürücünün həqiqətən canlı yayım açdığını necə müəyyən etmək olar? Sürücü iddia edə bilər ki, planşet vasitəsilə sadəcə radionun səsini tənzimləyib və ya kondisioneri işə salıb. Belə hallarda qayda pozuntusunun sübuta yetirilməsi çətinləşir. Bu isə yol polisinin işini ikiqat ağırlaşdırır”.
Şahanə Ziyad






