Vinisius Juniordan təsirli addım: Əlil uşağı Madridə dəvət etdi
“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior Sudanda müharibə zamanı hər iki ayağını itirən 13 yaşlı Zaherə video-müraciət göndərib. Futbolçu azyaşlıya dəstək olaraq onu Madridə dəvət edib.
Sfera.az BBC-yə istinadən xəbər verir ki, Zaher 2024-cü ildə Sudanın paytaxtı Xartumda anası ilə birlikdə olarkən pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Nəticədə hər iki ayağını itirən uşaq uzun müddət əlil arabasında yaşamağa məcbur olub. Onun ən böyük arzusu yenidən yerimək və dostları ilə futbol oynamaq olub. Zaherin ən sevimli futbolçusunun Vinisius Junior olduğunu öyrənən BBC əməkdaşları bu barədə braziliyalı ulduza məlumat veriblər.
Vinisius göndərdiyi videomüraciətdə uşağa dəstəyini ifadə edərək yeni protez ayaqları ilə yenidən futbola qayıtmasını arzuladığını bildirib. O, həmçinin Zaheri “Real Madrid”in oyununa dəvət edib:
“Birlikdə gözəl gün keçirə bilərik”.
Futbolçunun mesajını alan Zaher sevincini gizlədə bilməyib. O, bir neçə dəqiqə sonra Vinisiusun formasını geyinərək futbolçuya sevgisinin çatdırılmasını xahiş edib.
Zaherin müalicəsi üçün Böyük Britaniyada yaşayan sudanlı hüquqşünas Dena Latifin təşəbbüsü ilə onlayn ianə kampaniyası başladılıb. Kampaniya nəticəsində 45 min funt sterlinq toplanıb. Daha sonra Zaher və anası Qahirəyə köçüb əməliyyat edərək ona protez ayaqlardan istifadə etməyi öyrədiblər, həmçinin psixoloji dəstək göstərilib. Hazırda uşaq yenidən yeriyə və futbol topuna zərbə vura bilir.
Müalicədən sonra anası ilə birlikdə Xartuma qayıdan Zaher gələcəkdə futbol oynamağı və pilot olmağı arzulayır.
İradə Elsevər
Fotolar2





