İran iqtisadiyyatını ağır sınaq gözləyir - PROQNOZ
ABŞ ilə İran arasında gərginlik fonunda Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqləri artırmaq niyyəti yenidən gündəmə gəlib. ABŞ-nin dövlət katibi Marko Rubio İranın yaxın vaxtlarda neft ixracından gəlir əldə etmək imkanlarını tamamilə itirə biləcəyini deyib. Onun sözlərinə görə, tankerlərdəki neft ehtiyatlarının tükənməsi İran iqtisadiyyatını daha ciddi çətinliklərlə üz-üzə qoya bilər. Bu açıqlama ABŞ-nin İrana qarşı birbaşa hərbi müdaxilədən daha çox iqtisadi təzyiq vasitələrinə üstünlük verməsi ehtimalını gündəmə gətirir. Lakin uzun illərdir sanksiyalar şəraitində yaşayan İranın bu təzyiqlər qarşısında hansı mövqeni tutacağı qeyri-müəyyən olaraq qalır.
Bəs İran neft ixracından əldə etdiyi gəlirləri itirəcəyi təqdirdə iqtisadi təzyiqlərə nə qədər tab gətirə bilər? Vaşinqtonun bu strategiyası Tehranı güzəştə getməyə məcbur edə bilərmi?
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) şöbə müdiri Mətin Məmmədli Sfera.az-a açıqlamasında bildirib ki, Rubionun bəyanatı ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlar keçirmək ehtimalını tamamilə istisna etmir.
Ekspertin sözlərinə görə, Vaşinqton hazırkı mərhələdə əsasən iqtisadi təzyiqlər vasitəsilə Tehranın imkanlarını məhdudlaşdırmağa və öz məqsədlərinə nail olmağa çalışır:
“İranın ABŞ-nin tətbiq etdiyi sərt iqtisadi təzyiqlər qarşısında geri çəkiləcəyini və ya Vaşinqtonun şərtlərini qəbul edəcəyini söyləmək olmaz. İran rəsmilərinin son günlərdə verdiyi açıqlamalar da göstərir ki, Tehran hələlik ABŞ ilə hər hansı kompromisə gəlmək niyyətində deyil. İran tələb edir ki, ilk növbədə onun irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən qəbul edilsin. Yalnız bundan sonra əsas məsələlər, o cümlədən nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqlara gedəcəklərini bildirirlər”.

M.Məmmədli qeyd edib ki, İran uzun illərdir Qərbin ağır sanksiyalarına məruz qalmasına baxmayaraq, mövcud siyasi rejim öz mövqeyini qoruyub saxlaya bilib:
“Bununla belə, indiki vəziyyətin müəyyən fərqləri var. ABŞ-nin hazırda tətbiq etdiyi dəniz blokadası İran iqtisadiyyatı üçün daha ağır fəsadlar yarada bilər. Nəzərə almaq lazımdır ki, İran neftinin böyük bir hissəsi məhz Hörmüz boğazı vasitəsilə Çinə satılır. İran neftinin əsas alıcısı Çindir. Əgər ölkənin neft satmaq imkanları məhdudlaşarsa, bu, iqtisadiyyat üçün ciddi problemlər yarada, daxildə siyasi və sosial böhranlara səbəb ola bilər”.
Ekspert vurğulayıb ki, İranın mövcud iqtisadi təzyiqlərə nə qədər davam gətirəcəyini indidən proqnozlaşdırmaq çətindir:
“Dəniz blokadasının uzun müddət davam etməsi ölkə iqtisadiyyatı üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Hazırda İranın dəniz blokadasına və ABŞ-nin digər sərt iqtisadi sanksiyalarına nə qədər tab gətirə biləcəyini söyləmək mümkün deyil. Bu məsələ ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. Əgər dəniz blokadası və İrana qarşı sanksiyalar yaxın 3-6 ay ərzində davam edərsə, ölkə iqtisadiyyatı üçün çox ciddi problemlər yarana bilər. Onsuz da İran iqtisadiyyatında kifayət qədər problemlər mövcuddur. Dəniz blokadasının davam etməsi isə hətta fəlakətli nəticələr doğura bilər.
Görünür, məhz bu məqamı nəzərə alan Rubio və ABŞ hakimiyyəti mövcud təzyiq imkanlarından istifadə edərək İranı kompromisə gətirməyə çalışır. Ancaq hazırkı mərhələdə tərəflər arasında hər hansı konsensusun əldə olunması ehtimalı görünmür. Çünki tərəflərin konkret məsələlər üzrə mövqeləri bir-birindən kifayət qədər fərqlənir”.
Şahanə Ziyad






