Tərəvəzlərə daha çox pul xərcləyirik
Azərbaycanda əhalinin ərzaq alışına ayırdığı vəsaitdə tərəvəzlərin payı əhəmiyyətli dərəcədə yüksəlib. 2025-ci ildə tərəvəz alışına çəkilən xərclər əvvəlki illə müqayisədə 15 faiz artaraq 10 milyard manatı ötüb. Son beş ildə isə bu göstərici 2,2 dəfə yüksəlib. Hazırda əhalinin ümumi ərzaq xərclərinin 27 faizi tərəvəzlərin alınmasına sərf olunur. Halbuki beş il əvvəl bu göstərici 19 faiz təşkil edirdi. Yəni tərəvəzlər ərzaq məhsulları arasında əhalinin ən çox vəsait xərclədiyi kateqoriyaya çevrilib.
Maraqlıdır ki, tərəvəz alışına ayrılan pulun bu qədər artması əhalinin daha çox tərəvəz istehlak etməsi ilə bağlıdır, yoxsa qiymətlərin yüksəlməsi insanların büdcəsinə əlavə yük yaradır?
Mövzu barəsində iqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, tərəvəzlərə çəkilən xərclərin artmasını təhlil edərkən ilk növbədə qiymət dəyişikliklərinə diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, ümumi inflyasiyanın strukturuna nəzər saldıqda ərzaq məhsulları arasında ən ciddi qiymət artımlarından birinin tərəvəzlərdə qeydə alındığı görünür:
“Hətta tərəvəzlərin bahalaşma tempi həm ümumi ərzaq məhsulları, həm də meyvələrlə müqayisədə daha yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatlarında da bu tendensiya öz əksini tapır. Belə ki, 2026-cı ilin sentyabrında ötən ilin eyni ayı ilə müqayisədə ərzaq məhsulları 6,9 faiz bahalaşdığı halda, tərəvəzlər üzrə qiymət artımı 13,1 faiz təşkil edib. Bu, tərəvəzlərin ümumi ərzaq inflyasiyasından daha sürətlə bahalaşdığını göstərir”.
X.Kərimlinin fikrincə, tərəvəz alışına çəkilən vəsaitin artmasının əsas səbəbi məhz qiymətlərin yüksəlməsidir. O bildirib ki, əhalinin tərəvəzlərə daha çox pul xərcləməsi mütləq şəkildə əvvəlkindən daha çox məhsul alması demək deyil:
“İnsanlar eyni miqdarda tərəvəz almaq üçün də daha çox vəsait ödəməli olurlar. Bu səbəbdən ümumi xərclərin artmasını istehlak həcminin genişlənməsi kimi qiymətləndirmək düzgün olmaz. Son bir ildə tərəvəzlərin qiymətində ikirəqəmli artım qeydə alınıb. Beşillik dövrün göstəricilərinə baxdıqda da əsas amilin inflyasiya, yəni məhsulların bahalaşması olduğu aydın görünür. Tərəvəzə çəkilən xərclərin 2,2 dəfə artması da bu prosesin miqyasını göstərir. Burada söhbət təkcə əhalinin tərəvəzə tələbatının artmasından deyil, qiymətlərin yüksəlməsi nəticəsində həmin tələbatın ödənilməsi üçün daha çox pul tələb olunmasından gedir”.
O, əhali sayının artmasının da ümumi istehlaka müəyyən təsir göstərdiyini bildirib:
“Azərbaycanda əhali hər il təxminən 60 min nəfər artır. Əhalinin çoxalması təbii olaraq ərzaq məhsullarına, o cümlədən tərəvəzlərə ümumi tələbatı da genişləndirir. Daha çox insanın gündəlik qida ehtiyacının qarşılanması bazarda ümumi istehlak həcminə təsir edir”.
İradə Elsevər






