İran Hörmüz boğazından keçid üçün 4 ölkəyə güzəşt etdi: Səbəb nədir?
İran Hindistan, Çin, Qətər və İraq gəmilərinin Hörmüz boğazından sərbəst keçməsinə icazə verib. Tehran bu addımla həm iqtisadi, həm də siyasi dividendlər əldə etməyə çalışır.
Sfera.az xəbər verir ki, bu barədə “Al Jazeera” nəşri məlumat yayıb.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Əmir Həyat Müqəddəm bildirib ki, sözügedən ölkələrin gəmiləri boğazdan sərbəst keçir və ABŞ qüvvələri də onlara müdaxilə etmir.
Onun sözlərinə görə, İran Hindistandan dərman təchizatı, Çindən isə siyasi dəstək əldə edir. Qətər isə ABŞ-İsrail müharibəsinin başa çatdırılması istiqamətində vasitəçilik səyləri ilə Tehrana diplomatik dəstək göstərir.
Bundan əlavə, İran Hindistan və Çin gəmilərindən tranzit haqqı alacaq. Qətər gəmiləri isə bu ödənişdən azad edilib. İraq gəmilərinin keçid üçün ödəniş edib-etməyəcəyi barədə məlumat verilməyib.
İran üzrə ekspert Rouzbeh Parsinin fikrincə, Tehran uzun müddətdir sanksiyalar altında olduğundan ticarətdə barter və qarşılıqlı güzəştlər onun üçün yeni deyil. Lakin hazırkı vəziyyətdə əsas məqsəd embarqonun təsirini zəiflətmək və ölkəyə zəruri məhsul və xidmətlərin daxil olmasını təmin etməkdir.
Təhlükəsizlik və müdafiə məsələləri üzrə analitik Volfqanq Pusztay hesab edir ki, bu addım İran üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilə bilər. Onun sözlərinə görə, Çin İran neftinin ən böyük alıcısıdır və ölkənin ümumi neft ixracının təxminən 90 faizini əldə edir.
Dörd ölkə üçün Hörmüz boğazı niyə vacibdir?
Hindistan, Çin, Qətər və İraq Hörmüz boğazından enerji ixracı baxımından ciddi şəkildə asılıdır.
Analitik şirkət “Kpler”in məlumatına görə, oktyabr ayında boğazdan keçən gündəlik 10,23 milyon barel Fars körfəzi mənşəli xam neftin təxminən 42 faizi Çinə, 13 faizi isə Hindistana göndərilib.
Ekspertlər bildirirlər ki, Hindistan üçün Körfəz neftinin tədarükünün dayanması ciddi iqtisadi itkilərə səbəb olub. Eyni zamanda, ölkə İranın özünün istehsal edə bilmədiyi bəzi dərman preparatlarının mühüm istehsalçısıdır.
Qətər də Hörmüz boğazından keçən enerji ixracının bərpasında maraqlıdır. Ölkənin mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları avqust ayında dayanmışdısa, oktyabrda 1,8 milyon tona çatıb.
Mütəxəssislər hesab edirlər ki, bu güzəştlər adıçəkilən ölkələrə iqtisadi üstünlüklər qazandırsa da, onların ABŞ-lə münasibətlərində siyasi risklər yarada bilər.
ABŞ İranın bu qərarına mane ola bilərmi?
Məsələ Vaşinqtonun mövqeyindən asılıdır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl blokadanın İranın sahil ərazilərinə və limanlarına daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə şamil edildiyini açıqlayıb. İran limanlarından istifadə etməyən gəmilərin isə blokadadan təsirlənmədiyi bildirilib.
ABŞ humanitar yüklərin, o cümlədən ərzaq və tibbi ləvazimatların yoxlamadan sonra keçidinə icazə verildiyini də bəyan edib.
Bununla belə, ekspertlər İranın güzəştlərinin yalnız digər Körfəz ölkələri ilə ticarət edən gəmilərlə məhdudlaşmadığını vurğulayırlar. Əgər bu qərar Çin və Hindistan gəmilərinin İranla ticarətinə də şamil edilərsə, ABŞ-ın dəniz blokadasının effektivliyi azala bilər.
Hazırda Tehran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dan bir sıra şərtlərin yerinə yetirilməsini tələb edir. Bunlara blokadanın aradan qaldırılması və sanksiyaların ləğvi də daxildir.
Bu qərar neft bazarına necə təsir edəcək?
Analitiklərin fikrincə, hələlik İranın güzəştləri dünya neft bazarında ciddi dəyişiklik yaratmayacaq.
“IG Group”un baş bazar analitiki Kris Boşam bildirib ki, bazarlar hazırda sülh razılaşmasının əldə olunması ehtimalını qiymətləndirir. Lakin münaqişə yenidən genişmiqyaslı mərhələyə keçərsə, hərbi qüvvələrin hədəfləri fərqləndirməyə vaxtı olmaya bilər.
Qeyd edək ki, güzəşt əldə etmək gəmilərin təhlükəsizliyinə tam zəmanət vermir. Oktyabrın 30-da Qətərin “Al Mayeda” LNG tankeri Körfəzdə naməlum obyektlərin hücumuna məruz qalıb.
Beynəlxalq Dəniz Təşkilatı və Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumunun məlumatına görə, müharibə başlayandan bəri regionda 120-dən çox kommersiya gəmisi hücuma məruz qalıb.
Fatimə
Sfera.az






