Logo

İşıq, qaz, su, istilik – Azərbaycanda ən çox hansı kommunal xidmətə pul ödəyirik?

İşıq, qaz, su, istilik – Azərbaycanda ən çox hansı kommunal xidmətə pul ödəyirik?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda kommunal xidmətlərə görə ödənişlər ailə büdcəsinin əsas xərc istiqamətlərindən biridir.

Elektrik enerjisi, təbii qaz, su, kanalizasiya, məişət tullantılarının daşınması və istilik təchizatı üçün hər ay müəyyən vəsait ayrılır. Lakin xidmətlərin tarifləri və hesablanma qaydaları fərqli olduğundan ailələrin kommunal xərcləri də dəyişir.

Sfera.az xəbər verir ki, 2026-cı ilin noyabrına olan tariflərə əsasən, elektrik enerjisi və təbii qaz üzrə istehlak həcminə uyğun pilləli qiymətlər, eyni zamanda aylıq sabit tariflər tətbiq olunur.

Elektrik enerjisinin əhali üçün tarifi aylıq istehlakın 200 kilovat-saatadək olan hissəsi üzrə 8,4 qəpik, 200-300 kilovat-saat aralığında 10 qəpik, 300 kilovat-saatdan artıq hissəsi üzrə isə 15 qəpik təşkil edir. Bundan əlavə, abonentlər hər ay 1 manat sabit tarif ödəyirlər.

Məsələn, ay ərzində 350 kilovat-saat elektrik enerjisi istifadə edən ailənin ödənişi sabit tariflə birlikdə 35,30 manat olur.

Təbii qazın qiyməti isə illik istehlakdan asılı olaraq dəyişir. Belə ki, illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında olan hissə 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpiklə hesablanır. Qaz abonentləri də aylıq 1 manat sabit tarif ödəyirlər.

Su və kanalizasiya xidmətləri üzrə də fərqli tariflər müəyyən edilib. Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonunda əhali üçün içməli suyun bir kubmetri 70 qəpik, digər ərazilərdə isə 60 qəpikdir. Kanalizasiya xidmətinin tarifi hər kubmetr üçün 30 qəpik təşkil edir. Beləliklə, Bakı və Abşeron ərazisində bir kubmetr suyun kanalizasiya xidməti ilə birlikdə qiyməti 1 manatdır.

Məişət tullantılarının daşınmasına görə Bakıda bir nəfər üçün aylıq 1 manat, digər ərazilərdə isə 70 qəpik ödəniş nəzərdə tutulub. Bu isə paytaxtda yaşayan dörd nəfərlik ailənin həmin xidmətə görə ayda 4 manat ödəməsi deməkdir.

İstilik təchizatı da kommunal xərclərin mühüm hissəsini təşkil edir. Sayğac olmayan mənzillərdə aylıq tarif hər kvadratmetr üçün 45 qəpik, sayğacla hesablanan istilik enerjisi üçün isə bir Qkal üzrə 21 manatdır. Məsələn, 80 kvadratmetrlik mənzilin istilik təchizatına görə aylıq ödənişi 36 manat təşkil edir.

Azərbaycanda bir ailənin kommunal xidmətlərə ay ərzində nə qədər pul ödədiyini təxmini hesablamaq üçün Bakı şəhərində yaşayan 4 nəfərlik ailənin nümunəsinə baxaq.

Tutaq ki, ailə 80 kvadratmetrlik mənzildə yaşayır, ay ərzində 250 kVt/saat elektrik enerjisi, 80 kubmetr qaz və 10 kubmetr su istifadə edir. Mənzildə istilik sayğacı yoxdur.

Bu halda ailənin aylıq kommunal xərcləri belə olacaq:

  • Elektrik enerjisi – 22,80 manat;

  • Təbii qaz – 11 manat;

  • Su və kanalizasiya – 10 manat;

  • Məişət tullantılarının daşınması – 4 manat;

  • İstilik təchizatı – 36 manat.

Beləliklə, istilik mövsümündə bu ailənin aylıq kommunal xərci təxminən 83,80 manat təşkil edir. İstilik mövsümü başa çatdıqda isə bu məbləğ 47,80 manata düşür.

Başqa sözlə, ailənin kommunal xərcləri qış aylarında istilik ödənişinə görə xeyli artır. Təbii ki, bu rəqəmlər nümunəvi hesablamadır və real ödənişlər istehlak həcmindən, qaz üzrə illik limitin hansı pilləsində olmaqdan, mənzilin istilik sistemindən və digər amillərdən asılı olaraq dəyişə bilər.

Hesablamaya internet, kabel televiziyası, lift, binanın komendant və digər xidmət haqları daxil edilməyib. Həmçinin qaz istehlakının illik 1200 kubmetrlik ilk limit daxilində olduğu fərz edilib

fATİMƏ

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR