Logo

13 yaşlı qız süni intellektlə dəfn mərasimini planlaşdırdı – Google məhkəməyə verildi

13 yaşlı qız süni intellektlə dəfn mərasimini planlaşdırdı – Google məhkəməyə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də 13 yaşlı qızın valideynləri “Google” şirkətini süni intellekt texnologiyasının uşaqlar üçün təhlükəsizliyini təmin etməməkdə ittiham edərək məhkəməyə veriblər.

Sfera.az xarixi mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında noyabrın 2-də qaldırılan iddiaya görə, Emma adlı yeniyetmə məktəb tərəfindən ona verilən kompüter vasitəsilə “Google”un süni intellekt əsaslı axtarış imkanlarından istifadə edərək mümkün intiharını və dəfn mərasimini planlaşdırıb.

Məlumata görə, məktəb “Google Gemini” və “ChatGPT” tətbiqlərinə girişi bloklasa da, şirkətin axtarış sistemindəki süni intellekt funksiyalarından istifadəni məhdudlaşdırmayıb.

Valideynlərin iddiasında bildirilir ki, qızın əvvəllər psixoloji problemlərlə bağlı heç bir tarixçəsi olmayıb. Lakin axtarış sistemindən istifadə etməyə başladıqdan bir neçə ay sonra onun psixoloji vəziyyətində ciddi pisləşmə müşahidə olunub.

Martın 17-də məktəbin monitorinq sistemi “Funeral” (Dəfn mərasimi) adlı sənədi aşkar etdikdən sonra valideynlərə xəbər verib. Anası daha sonra qızının vida məktubu yazdığını görüb. Atası isə vəziyyətə müdaxilə edib.

Ailənin vəkili Endryu Liddell “AFP” agentliyinə açıqlamasında bildirib ki, “Google” süni intellekt əsaslı funksiyalarının uşaqlar üçün təhlükəsizliyini təmin edənədək məktəblər axtarış sisteminə girişi məhdudlaşdırmalıdır.

“Google”un nümayəndəsi Xose Kastaneda isə şirkətin iddiaları araşdırdığını və məsələyə çox ciddi yanaşdığını bildirib. Şirkət həmçinin süni intellekt sistemində özünə zərərvermə ilə bağlı sorğulara qarşı təhlükəsizlik mexanizmlərinin olduğunu və onların yan keçilməsinin qarşısını almağa çalışdığını qeyd edib.

Qeyd edək ki, süni intellekt texnologiyalarının yeniyetmələrə mümkün təsiri ilə bağlı texnologiya şirkətlərinə qarşı hüquqi iddialar artır. “OpenAI” də “ChatGPT” ilə bağlı zərərli məsləhətlər verildiyi iddiası əsasında bir neçə məhkəmə işi ilə üzləşib. Onlardan biri intihar nəticəsində həyatını itirən 16 yaşlı Adam Reyninin valideynlərinin iddiasıdır.

Bundan başqa, bu ilin yanvarında “Google” və “Character.AI” yeniyetmələrin ailələri tərəfindən qaldırılmış bir sıra iddiaları məhkəmədənkənar həll etməyə razılaşıblar.

Digər tərəfdən, noyabrın 4-də “Google”, “TikTok” və “Meta” Kaliforniyada 16 yaşdan kiçik istifadəçilər üçün sosial şəbəkələrin asılılıq yaradan funksiyalarını qadağan edən qanunun qarşısını almaq məqsədilə məhkəməyə müraciət ediblər. Sentyabrda qubernator Qevin Nyusom tərəfindən imzalanan qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR