NATO-nun nüvə təlimləri İtaliyada keçiriləcək

NATO-nun nüvə təlimləri İtaliyada keçiriləcək
Kateqoriya məlum deyil
T

Oktyabrın 13-dən etibarən İtaliya NATO-nun illik “Steadfast Noon” hərbi təlimlərinə ev sahibliyi edəcək.

On gün davam edəcək təlimlər nüvə xarakteri daşısa da, onların gedişində real nüvə döyüş başlıqlarından istifadə edilməyəcək. Təlimlərin əsas məqsədi müttəfiq qüvvələr arasında koordinasiyanın, prosedurların və təhlükəsizlik standartlarının yoxlanılmasıdır.


Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi NATO nümayəndələrinin açıqlamalarına istinadən məlumat yayıb.


İtaliya Hərbi Hava Qüvvələrinin məlumatına görə, təlimlər çərçivəsində real silahlardan istifadə nəzərdə tutulmur. Hərbçilər həmçinin bildiriblər ki, əvvəlcədən planlaşdırılan manevrlər hazırkı beynəlxalq böhranlarla əlaqəli deyil.
Bununla belə, NATO İtaliya tərəfinin açıqlamalarına aydınlıq gətirib. Alyansın nüvə siyasəti bölməsinin rəhbəri Nəsima Baruz jurnalistlərlə görüşündə bildirib ki, real nüvə döyüş başlıqlarından istifadə edilməsə də, “Steadfast Noon” mahiyyət etibarilə nüvə təlimləridir.


“İtaliya ilə kommunikasiya məsələləri üzərində sıx əməkdaşlıq etmişik və hesab edirəm ki, ‘Steadfast Noon’ təlimlərinin nüvə təlimi olması ilə bağlı tam qarşılıqlı anlaşma mövcuddur”, – o vurğulayıb.


Təlimlər İtaliyada siyasi müzakirələrə də səbəb olub. Müxalifətdəki “Yaşıllar və Sol Alyansı” partiyasının deputatı Ancelo Bonelli müdafiə naziri Gvido Krozetoya sorğu göndərmək niyyətində olduğunu açıqlayıb. Buna səbəb genişmiqyaslı hərbi təlimlər barədə parlamentin məlumatlandırılmamasıdır.


Bonelli təlimlərdə pilotsuz uçuş aparatlarının hansı rolu oynayacağı, hansı sistemlərin cəlb ediləcəyi, atışların harada və hansı sursatlarla həyata keçiriləcəyi barədə izahat tələb edib. O, xüsusilə Salto di Kuira poliqonunda planlaşdırılan fəaliyyətlərlə maraqlanıb.


Deputat, həmçinin təyyarələrin üzərindən uçacağı region və bələdiyyələrin məlumatlandırılıb-məlumatlandırılmadığını, mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlərin görüləcəyini soruşub.

Firuzə Əlyeva
Sfera.az


Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR