Logo

Tramp Əliyev və Paşinyana təşəkkür etdi

Tramp Əliyev və Paşinyana təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Ermənistanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu” (TRIPP) layihəsinin rəsmi fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Sfera.az “Armenpress”ə istinadən xəbər verir ki, Tramp bu barədə layihənin rəsmi açılışına həsr olunmuş müraciətində bildirib.

ABŞ Prezidenti layihənin başlanmasından qürur duyduğunu qeyd edib, Ermənistanın Baş naziri Nikol Paşinyanı cəsarətli liderliyinə və sülh yolunu seçdiyinə görə təbrik edib. Tramp Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişənin başa çatdırılması istiqamətində əldə olunan razılaşmanı tarixi hadisə kimi qiymətləndirib.

“35 ildən artıqdır davam edən bu münaqişə saysız-hesabsız əzablara səbəb olub. Bir çoxları problemin həllinə çalışsa da, buna nail ola bilməyib. Lakin biz bunu bacardıq və ötən il Ağ Evdə tarixi sülh müqaviləsi imzaladıq”, – deyə o bildirib.

ABŞ Prezidenti qeyd edib ki, TRIPP layihəsinin və yeni TRIPP İnkişaf Şirkətinin fəaliyyətə başlaması regionda iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Onun sözlərinə görə, ABŞ və Ermənistan arasında tərəfdaşlıq çərçivəsində regionda malların və enerjinin daşınması, eləcə də sərnişinlərin hərəkəti üçün yeni ticarət marşrutları yaradılacaq. Tramp layihənin böyük uğura çevrilməsi üçün ABŞ-nin bütün imkanlarını səfərbər etməyə hazır olduğunu vurğulayıb.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana əməkdaşlığa və layihənin reallaşmasına töhfə verdiklərinə görə təşəkkür edib.

Tramp hər iki liderin onu Nobel Sülh Mükafatına namizəd göstərməsini də xüsusi qeyd edib. ABŞ Prezidenti Paşinyanı gələn il Milli Dua Səhər Yeməyində iştirak etmək üçün Vaşinqtona səfəri zamanı Ağ Evə dəvət etdiyini açıqlayıb. O, görüşdə regional sülhün inkişafı və ikitərəfli münasibətlərin gücləndirilməsi məsələlərinin müzakirə olunacağını bildirib. “Bundan daha böyük və layiqli məqsəd yoxdur. Sülhün təmin olunması istiqamətində Ermənistan xalqı ilə birlikdə çalışmaq bizim üçün şərəfdir. Yaşasın, çox gözəl iş gördünüz”, - deyə Tramp müraciətini yekunlaşdırıb.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR