Logo

Ermənistanın yeni Konstitusiyası sülhdən xəbər verir?

Ermənistanın yeni Konstitusiyası sülhdən xəbər verir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.

Sənəd bir çox baxımdan diqqət çəkir. Əsas məqamlardan biri 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yeni mətnə daxil edilməməsidir. Belə ki, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında həmin sənədə istinad yer alır.

Sözügedən Bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərara istinad edilməsi isə Azərbaycanla yekun sülh sazişinin imzalanması qarşısında dayanan əsas hüquqi-siyasi problemlərdən biri hesab olunur.

Yeni layihədə bu istinadın yer almaması və dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində müstəqil, dinc, təhlükəsiz və firavan ölkə qurmaq məqsədinin ön plana çəkilməsi sülh prosesi baxımından mühüm addım kimi qiymətləndirilir.

Bəs Ermənistanın yeni Konstitusiya layihəsi Azərbaycan-Ermənistan sülh prosesində hansı dəyişikliklərə yol aça bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Aktına istinadın olmaması müsbət irəliləyişdir:

Ermənistanın yeni Konstitusiyası sülhdən xəbər verir?

“Paşinyanın təqdim etdiyi yeni Konstitusiya layihəsi 89 maddədən və preambuladan ibarətdir. Preambulada Ermənistanın 1990-cı il Müstəqillik Aktına istinadın yer almaması özlüyündə müsbət addımdır. Azərbaycanın sülh sazişini imzalaması üçün əsas şərtlərdən biri məhz həmin istinadın aradan qaldırılması idi. Çünki sözügedən aktda Ermənistan SSR Ali Şurasının 1989-cu ildə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qəbul etdiyi bəyannaməyə istinad var idi. Azərbaycanın əsas tələbi Ermənistanın qanunvericiliyində ölkəmizə qarşı ərazi iddialarının olmamasıdır. Bu baxımdan, yeni layihədə həmin istinadın çıxarılması sülh yolunda müsbət əlamət kimi qiymətləndirilə bilər. Lakin bu, hələ ilkin mərhələdir”.

Politoloqun sözlərinə görə, yeni Konstitusiyanın qəbul edilməsi üçün qarşıda mürəkkəb siyasi və hüquqi proses dayanır:

“Növbəti mərhələdə Konstitusiya layihəsinin həm parlamentdə, həm də Ermənistan ictimaiyyətində geniş müzakirəsi gözlənilir. Çünki layihə ilk növbədə parlament tərəfindən referenduma təqdim edilməlidir. Bunun üçün konstitusion çoxluq, yəni 105 deputatdan ibarət Ermənistan parlamentində 70 deputatın razılıq səsi tələb olunur. Hazırda Paşinyanın rəhbərlik etdiyi "Mülki müqavilə" partiyasının parlamentdə 64 deputatı var. Deməli, konstitusion çoxluğun təmin edilməsi üçün daha 6 deputatın səsinə ehtiyac duyulur. Paşinyan yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasına nail olmaq istəyirsə, müxalifət partiyalarından altı deputatı öz tərəfinə çəkməlidir. Yalnız bundan sonra parlament layihəni referenduma təqdim edə və növbəti mərhələdə ümumxalq referendumu keçirilə bilər”.

S.Zahidov qeyd edib ki, Paşinyanın müxalifətə ünvanladığı mesajlar da məhz bu məqsədə xidmət edir:

“Paşinyan müraciətində müxalifətə səslənərək Konstitusiya layihəsinə müsbət rəy veriləcəyinə ümid etdiyini bildirib. O, hətta yeni Konstitusiyanın qəbul ediləcəyi təqdirdə növbəti seçkilərdə baş nazirliyə namizədliyini irəli sürməyəcəyini də qeyd edib. Bununla da dolayısı ilə müxalifətə mesaj verib ki, əgər onu hakimiyyətdə görmək istəmirlərsə, növbəti dəfə namizəd olmayacaq. Lakin bunun müqabilində müxalifət qüvvələri Konstitusiya məsələsində onu dəstəkləməlidirlər. Bununla belə, mövcud vəziyyətdə müxalifətin Paşinyana dəstək verəcəyi real görünmür. Çünki həm Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” ittifaqı, həm də Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası bu layihəyə müsbət yanaşmır. Üstəlik, onların yeni Konstitusiyaya qarşı ittifaq yaratdıqları, bu ittifaqa Levon Ter-Petrosyanın və Daşnaksütyun partiyasının da qoşulduğu bildirilir. Bu səbəbdən həmin partiyalardan hər hansı bir deputatın Paşinyanın tərəfinə keçərək layihəyə müsbət səs verəcəyi inandırıcı görünmür. Lakin Paşinyan hər vəchlə müxalifətə təzyiq göstərərək onların müsbət rəyini almağa çalışacaq”.

Ekspert vurğulayıb ki, Ermənistanın yeni Konstitusiyasının qəbulu çətin və mürəkkəb prosesdir. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin edilməsi üçün yalnız hüquqi dəyişikliklər kifayət etmir:

“Sülhün əldə olunması üçün sülh sazişinin imzalanması vacibdir. Lakin təkcə bu saziş kifayət etmir. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin qurulması, diplomatik münasibətlərin yaradılması və qarşılıqlı gediş-gəlişin təmin edilməsi istiqamətində praktiki addımlar da sürətləndirilməlidir. Bununla yanaşı, Konstitusiyanın dəyişdirilməsi və sülh sazişinin imzalanması əsas şərtlərdən biri hesab olunur”.

Politoloq Ermənistanda sülh prosesinə qarşı çıxan qüvvələrin mövcudluğuna da diqqət çəkib:

“Ermənistanda sülhə qarşı çıxan qüvvələr var. Bunlara kilsə, müxalifət və diaspora daxildir. Həmçinin regionda sülhün bərqərar olmasını istəməyən maraqlı qüvvələr də mövcuddur. Paşinyan da müsahibəsində və xalqa müraciətində Qarabağ münaqişəsinin 1980-ci illərdə məhz bölgədə sülhün olmaması məqsədilə yaradıldığını bildirib. Təxminən 200 il əvvəl Türkmənçay müqaviləsindən sonra ermənilərin bu ərazilərə köçürülməsi və İrəvanda erməni əyalətinin yaradılması, sonradan separatçılıq məsələsinin gündəmə gətirilməsi və süni münaqişənin yaradılması regiondakı proseslərə nəzarət mexanizmlərini öz əllərində saxlamaq cəhdləri ilə bağlı olub”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR