BMW-dən 8 min işçiyə təsir edəcək qərar

Almaniyanın avtomobil nəhəngi BMW qlobal tələbin azalması fonunda genişmiqyaslı ixtisar proqramına başlayıb. Şirkətin yeni planının dünya üzrə təxminən 8 min işçiyə təsir edəcəyi bildirilir.
Sfera.az xəbər verir ki, “Reuters”in məlumatına görə, BMW iqtisadi təzyiqləri azaltmaq və fəaliyyət səmərəliliyini artırmaq məqsədilə genişmiqyaslı qənaət proqramı həyata keçirir.
Şirkət ilk mərhələdə daxiliyanma mühərriklərinin variantlarını azaltmağı, model çeşidini sadələşdirməyi və süni intellektdən istifadə etməklə inzibati idarəetmə səviyyələrini 20 faizədək ixtisar etməyi planlaşdırır.
Bununla yanaşı, BMW dünya üzrə təxminən 8 min işçini əhatə edəcək könüllü işdənçıxarma proqramını həyata keçirəcək.
Şirkət xərclərin azaldılmasına yönəlmiş tədbirlərə baxmayaraq, elektrikli avtomobillər strategiyasından geri çəkilməyəcək. BMW yeni nəsil elektrikli avtomobil platforması “Neue Klasse” üzrə investisiyalarını davam etdirəcək.
Almaniyadakı istehsal müəssisələrinin yenilənməsi və yeni nəsil 3-cü seriya kimi modellərin istehsalı üçün təxminən 2 milyard avro həcmində investisiya nəzərdə tutulur.
BMW həyata keçirəcəyi struktur dəyişiklikləri, işçi sayının azaldılması və səmərəliliyin artırılması tədbirləri nəticəsində 2028-ci ilə qədər avtomobil bölməsində əməliyyat mənfəəti marjasını 3-5 faiz aralığına çatdırmağı hədəfləyir.
Mənsumə






