Logo

Ermənistanla Rusiya arasında dəmir yolu məsələsində gərginlik yaranacaq? - AÇIQLAMA

Ermənistanla Rusiya arasında dəmir yolu məsələsində gərginlik yaranacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan və Rusiya dəmir yollarının idarə olunmasına dair konsessiya müqaviləsinin yenidən nəzərdən keçirilməsi məqsədilə işçi qrupu yaradıb.

Paralel olaraq, Gümrü-Türkiyə sərhədi və Yerask-Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin bərpası məsələsi müzakirə olunur.

Bu proses Ermənistanın nəqliyyat sektorunda Rusiyadan asılılığını azaltmaq imkanlarını və regionda nəqliyyat əlaqələrinin gələcəyini yenidən gündəmə gətirib.

Maraqlıdır, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasından imtina edə bilərmi? Sözügedən dəmir yolu xətlərinin açılması Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqələri baxımından hansı imkanları yarada bilər?

Politoloq Xəyal Bəşirov Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistan dəmir yollarını Rusiyanın nəzarətindən çıxarmaq istiqamətində addımlar atmağa başlayıb:

Ermənistanla Rusiya arasında dəmir yolu məsələsində gərginlik yaranacaq? - AÇIQLAMA

“Ermənistanla Rusiya arasında 2008-ci ildə dəmir yollarının idarə olunması ilə bağlı 30 il müddətinə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ermənistanın bütün dəmir yollarının idarə edilməsi “Rusiya Dəmir Yolları” şirkətinə aid olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə həvalə edilib. Ermənistan Zəngəzur dəhlizinin açılması və ümumilikdə dəmir yollarını Rusiyanın asılılığından çıxarmaq istiqamətində prosesə başlayıb. Bu, təkcə dəmir yolları ilə bağlı deyil. Ermənistan bir sıra istiqamətlərdə Rusiyanın təsirindən tədricən çıxmağa çalışır. Dəmir yolları ilə bağlı məsələnin gündəmə gəlməsi isə faktiki olaraq Zəngəzur dəhlizi ilə əlaqədardır”.

Politoloqun sözlərinə görə, Ermənistanın ABŞ ilə əldə etdiyi razılaşma Rusiya ilə mövcud konsessiya müqaviləsi arasında ziddiyyət yaradır:

“Ermənistan əvvəlcə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin nümayəndələri tərəfindən həyata keçirilməsinə razılıq vermişdi. Daha sonra Ermənistan bu istiqamətdə ABŞ ilə razılığa gəldi. Ötən il avqustun 8-də əldə edilmiş razılaşmaya görə, Zəngəzur dəhlizinin keçəcəyi həm avtomobil, həm də dəmir yollarına nəzarət ABŞ şirkətlərinə keçəcək. Bu isə Ermənistanla Rusiya arasında imzalanmış konsessiya müqaviləsinin mahiyyətinə və şərtlərinə ziddir. Ermənistan Zəngəzur dəhlizinin keçəcəyi dəmir yolu xəttinin ölkənin mövcud dəmir yollarına aid olmadığını əsas gətirir. Digər tərəfdən isə Gümrü-Türkiyə sərhədi və Yerask-Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin bərpası və həmin yolların Rusiyanın nəzarətində olmaması üçün addımlar atmağa çalışır. Düşünürəm ki, bu, Ermənistanla Rusiya arasındakı fikir ayrılığını daha da ciddiləşdirəcək”.

X.Bəşirov vurğulayıb ki, Azərbaycan üçün əsas prioritet Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsidir: “Azərbaycan tərəfi üçün əsas məsələ Naxçıvanla ölkənin əsas hissəsi arasında gediş-gəlişin maneəsiz şəkildə həyata keçirilməsi üçün imkanların yaradılmasıdır. Bu, təbii ki, həm avtomobil, həm də dəmir yollarını özündə ehtiva edir. Bu, bizim istəyimiz olmaqla yanaşı, beynəlxalq hüquqa, o cümlədən əldə edilmiş razılaşmalara əsasən, haqqımızdır. Ermənistanın bunu necə reallaşdıracağı isə özündən və Rusiya ilə münasibətlərindən asılıdır. Bu, onların daxili məsələsidir”.

Politoloq hesab edir ki, dəmir yolları məsələsi Moskva ilə İrəvan arasında siyasi bazarlıq predmetinə çevrilə bilər:

“Yaranmış fikir ayrılığı Rusiyaya Ermənistana təzyiq göstərmək üçün müəyyən imkanlar verə bilər. Çünki Ermənistan Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq, Avropa İttifaqı istiqamətində addımlar atmaq, ümumilikdə Qərblə həm hərbi, həm də digər sahələrdə əməkdaşlığı gücləndirmək istəyir. Rusiya Ermənistanın müəyyən addımlar atmasının qarşısını almaq üçün dəmir yolları məsələsindən istifadə edə, şərtlər irəli sürə və güzəştlər müqabilində razılığa gəlməyə çalışa bilər. Düşünürəm ki, Rusiya digər istiqamətlərdə hansısa istəyinə nail olarsa, dəmir yolları məsələsində o qədər də prinsipial mövqe nümayiş etdirməyə bilər. Bu məsələdə Rusiyanın əlində siyasi bazarlıq aparmaq üçün müəyyən imkanlar yaranır. Ermənistan da öz növbəsində istəyinə nail olmaq üçün bu məsələdən istifadə edə bilər”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR