Logo

Əhali dollarını manata çevirir - Səbəb nədir?

Əhali dollarını manata çevirir - Səbəb nədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda bank əmanətlərinin strukturunda xarici valyutanın xüsusi çəkisi azalmaqda davam edir.

Əhalinin banklardakı yığımlarında dollar və avronun payının aşağı düşməsi vətəndaşların manatla əmanətlərə üstünlük verməsinin daha da gücləndiyini göstərir.

Bu tendensiyada həm milli valyutaya etimadın artması, həm də manatla əmanətlərin daha yüksək gəlirlilik təklif etməsi mühüm rol oynayır.

Bəs dollarla əmanət saxlamağa marağın azalmasının səbəbi nədir? Tendensiya davam edərsə, gələcəkdə dollar əmanətlərinin payı daha da azala bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, valyuta depozitlərinin payının azalmasının əsas səbəblərindən biri əhalinin manata olan inamının yüksəlməsidir.

Əhali dollarını manata çevirir - Səbəb nədir?

Onun sözlərinə görə, vətəndaşlar əllərindəki dollar və avronu manata çevirərək milli valyutada yığımlara üstünlük verirlər:

“Mərkəzi Bankın statistikasında da bu tendensiya öz əksini tapır. Belə ki, həm ötən il, həm də cari ildə əhali valyutadəyişmə məntəqələrində aldığı xarici valyutadan daha çoxunu satıb. Bu isə vətəndaşların xarici valyutadan manata keçid etdiyini göstərir”.

X.Kərimlinin fikrincə, manata etimadın artmasına təsir edən amillərdən biri də Azərbaycanın xarici ticarət və tədiyyə balansındakı vəziyyətdir:

“Son iki ildə ölkənin əsas ixrac məhsulu olan neftin yüksək qiymətə satılması tədiyyə balansında gözləniləndən daha böyük profisitin yaranmasına şərait yaradıb. Bununla yanaşı, ölkənin və Mərkəzi Bankın valyuta ehtiyatlarının artması da milli valyutanın sabitliyinə dair gözləntiləri gücləndirir.

Vətəndaşlar əmanət yerləşdirərkən gəlirlilik göstəricilərini də müqayisə edirlər. Hazırda manatla depozitlər üzrə faiz dərəcələri təxminən 8-11 faiz olduğu halda, dollarla əmanətlərdə bu göstərici 2-4 faiz civarındadır. Manatın məzənnəsi ilə bağlı riskləri aşağı qiymətləndirən əmanətçilər daha yüksək gəlir əldə etmək üçün milli valyutaya üstünlük verirlər”.

İqtisadçının sözlərinə görə, həm manatın sabitliyinə inam, həm də depozitlər üzrə faiz fərqi əmanətlərin strukturunda milli valyutanın payının artmasına, xarici valyutanın xüsusi çəkisinin isə azalmasına səbəb olur.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR