ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır
1,3 milyon üzvü olan “Teamsters” həmkarlar ittifaqı ABŞ Konqresindən Çin avtomobillərinə qarşı daimi qadağanın qəbulunu tələb edib.
Sfera.az xəbər verir ki, ittifaqın prezidenti Sean O'Brien Çin avtomobil istehsalçılarının ABŞ-nin milli təhlükəsizliyi və yerli avtomobil sənayesi üçün ciddi təhlükə yaratdığını bildirib.
Senatın Ticarət Komitəsinin təsdiqlədiyi qanun layihəsi Çin şirkətlərinin 15 faizdən çox paya sahib olduğu müəssisələrin ABŞ-də avtomobil satmasını qadağan etməyi nəzərdə tutur. Respublikaçı senator Bernie Moreno layihənin böyük ölçüdə hazır olduğunu və yaxın günlərdə səsverməyə çıxarıla biləcəyini açıqlayıb.
Yeni qanun “Mercedes-Benz” və “Volvo” kimi Çin investisiyası olan markalara da təsir edə bilər. Lakin Moreno hər iki şirkətin qadağadan kənarda qalacağını bildirib.
Hazırda Çin istehsalı elektrik avtomobillərinə ABŞ-də ümumilikdə 127,5 faiz gömrük rüsumu tətbiq olunur. Bundan əlavə, 2027-ci model ilindən etibarən Çinlə əlaqəli müəyyən proqram təminatı və avadanlıqlardan istifadə edən avtomobillərin satışı da məhdudlaşdırılır.
Qanun layihəsinin qəbul edilməsi Çin avtomobil istehsalçılarının ABŞ bazarına girişini daha da çətinləşdirəcək.
İradə Elsevər
Sfera.az






