İran uranı ölkədən çıxarmaqdan imtina etdi – ABŞ hansı addımı atacaq?
İranın nüvə proqramı ətrafında ABŞ ilə yaşanan fikir ayrılıqları davam edir.
Vaşinqton zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını tələb etsə də, Tehran bu şərti qəbul etmir. İran nüvə materiallarının Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında ölkə ərazisində saxlanılmasını istəyir.
Tərəflərin mövqeləri arasındakı fərq danışıqların gələcəyi ilə bağlı suallar yaradıb.
Bəs ABŞ İranın bu təklifini qəbul edə bilərmi? Tehran geri çəkilməsə, nüvə məsələsi iki ölkə arasında yeni gərginliyə səbəb olacaq?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları hazırda nüvə danışıqlarının ən ciddi mübahisə predmetlərindən biridir.

Onun sözlərinə görə, ABŞ İranın nüvə proqramının tamamilə dayandırılmasını, raket texnologiyalarının məhdudlaşdırılmasını, eləcə də zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkəyə və ya BMT-nin nəzarətinə təhvil verilməsini istəyir.
Lakin rəsmi Tehran bu tələbləri qəbul etmək niyyətində deyil və nüvə sahəsində inkişafı dövlətin suveren hüquqlarından biri hesab edir:
“İranın bu mövqeyi yalnız ABŞ ilə deyil, bir sıra Avropa ölkələri, NATO üzvləri və İsraillə də fikir ayrılıqlarını dərinləşdirir. Beynəlxalq tərəflər İranın zənginləşdirilmiş uran ehtiyatlarını mümkün nüvə silahı təhlükəsi baxımından qiymətləndirirlər”.
E.Xalidbəyli qeyd edib ki, İranın 440 kiloqram zənginləşdirilmiş uran ehtiyatına malik olması ilə bağlı rəqəm beynəlxalq müzakirələrdə xüsusi yer tutur:
“Bu həcmdə materialın gələcəkdə nüvə silahı istehsalı üçün istifadə oluna biləcəyi ehtimalı Qərbin narahatlığını artırır. İranın uran ehtiyatlarını ölkədən çıxarmaqdan imtina etməsi ABŞ və Qərbin Tehran üzərində təzyiqlərini davam etdirməsinə səbəb ola bilər. Rəsmi Tehranın mövqeyi dəyişməyəcəyi təqdirdə zənginləşdirilmiş uran məsələsi yaxın gələcəkdə də İranla Qərb arasında əsas qarşıdurma mövzularından biri olaraq qalacaq”.
İradə Elsevər






