Çin ABŞ-nin İrana qarşı “dağıdıcı” planına qarşı çıxdı

Çin ABŞ-nin İrana qarşı iqtisadi təzyiq və yeni sanksiyalar siyasətinə qarşı çıxaraq, Vaşinqtonu dialoq və danışıqlara qayıtmağa çağırıb.
Sfera.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Beijing Daily” portalına açıqlamasında ABŞ-nin birtərəfli sanksiyalarını qanunsuz adlandırıb.
Diplomat bildirib ki, Çin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanmayan birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır.
Lin Jianın sözlərinə görə, hazırda əsas vəzifə gərginliyi azaltmaq və mümkün qədər tez dialoq və danışıqlara qayıtmaqdır.
“İqtisadi müharibə və təzyiq ziddiyyətlərin həllinə kömək etməyəcək. Əksinə, münaqişələri daha da şiddətləndirəcək, əlavə risklər yaradacaq və digər ölkələrin hüquq və maraqlarına zərər verəcək”, – diplomat vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Maliyyə naziri Skott Bessent İrana qarşı yeni sanksiyalar elan edib. Məhdudiyyətlər 48 təşkilat, 24 fiziki şəxs və 6 neft tankerini əhatə edir.
Yeni sanksiyalar paketi Vaşinqtonun Tehran üzərində iqtisadi təzyiqi artırmaq strategiyasının bir hissəsi kimi təqdim olunur.
İnci
Sfera.az






