Daim gərgin olanlar üçün sadə üsul – Cəmi 10-20 dəqiqə kifayətdir
Rusiya Yoqa Federasiyasının sertifikatlı hatha-yoqa təlimatçısı Aleksandra Korolyova yoqanın təşviş və narahatlıq yaşayan insanlar üçün faydalarını açıqlayıb.
Sfera.az bildirir ki, ekspertin şərhi “Lenta.ru” nəşrində yayımlanıb.
Mütəxəssisin sözlərinə görə, yoqa psixoterapiyanı və təşviş pozuntusunun müalicəsini əvəz etmir, lakin dəstəkləyici təcrübə kimi faydalı ola bilər. İlk növbədə, məşqlər insanın diqqətini narahatedici düşüncələrdən yayındırır.
“Yoqa zamanı insanın qarşısında daha konkret vəzifələr dayanır: ayaqlarının yerə necə söykəndiyini hiss etmək, çanağın vəziyyətinə diqqət yetirmək, nəfəs alarkən qolları yuxarı qaldırmaq, tarazlığı qorumaq və döş qəfəsinin hərəkətini izləmək. Bu, narahat düşüncələrə qapılan insan üçün anlaşıqlı bir tapşırıqdır. Məqsəd düşüncələrlə mübarizə aparmaq deyil, diqqəti zərif şəkildə bədən hisslərinə qaytarmaqdır”, – deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, yoqa bədəndəki gərginliyi hiss etməyə də kömək edir. Çünki bu məşqlər bədən duyumlarını inkişaf etdirir.
“Yavaş hərəkətlər zamanı insan bəzi məqamlarda nəfəsini saxladığını, bəzi hallarda isə barmaqlarını həddindən artıq sıxdığını hiss etməyə başlayır. Artan gərginliyi nə qədər tez müəyyən etsə, ona bir o qədər tez reaksiya verə bilər”, – Korolyova vurğulayıb.
Nəşrin həmsöhbəti məşqlər zamanı öyrənilən nəfəs texnikalarının özünü tənzimləmə vasitəsi olduğunu da bildirib. Bundan başqa, yoqa insana narahatlıq və diskomfort hisslərinə dözməyi öyrədir.
“Anksiyete çox vaxt insanın istənilən diskomfortu təhlükə siqnalı kimi qəbul etməsinə səbəb olur. Təhlükəsiz yoqa məşqləri zamanı isə insan kiçik və idarəolunan narahatlığı fərqli şəkildə müşahidə etmək imkanı qazanır”, – deyə təlimatçı əlavə edib.
Ekspertin sözlərinə görə, yoqa heç bir nəticə əldə etmək məcburiyyətinin olmadığı müntəzəm məşq vərdişi formalaşdırır. Narahatlıq yaşayan insanlar üçün heç nə etməmək fikrinin özü belə çətin ola bilər. Buna görə də onlar yoqanı da yarışa çevirə bilərlər: daha dərindən əyilmək, pozanı daha uzun müddət saxlamaq və ya mürəkkəb hərəkətləri daha tez öyrənmək.
Lakin əsl yoqa təcrübəsi insanda nəyisə sübut etmək ehtiyacı aradan qalxdıqda başlayır. Daim nəyəsə nail olmağa çalışan insanlar üçün bu, mühüm bacarıqdır.
Korolyova yoqaya başlamaq istəyənlərə ilk gündən intensiv, bir saat yarımlıq məşqlərə qoşulmamağı, mürəkkəb nəfəs saxlama texnikalarından və 40 dəqiqə hərəkətsiz meditasiya etmək cəhdindən çəkinməyi tövsiyə edib.
Onun fikrincə, gündəlik 10-20 dəqiqəlik qısa məşqlərlə başlamaq və bədənin reaksiyasını müşahidə etmək daha məqsədəuyğundur.
Qeyd edək ki, daha əvvəl dərmanlardan istifadə etmədən yuxunu yaxşılaşdırmağın effektiv üsulu açıqlanmışdı.
İnci
Sfera.az






