Gündə 30 dəqiqə bəs edir - Gəzintinin insana faydaları

Gündəlik cəmi 30 dəqiqəlik gəzinti ürək-damar sağlamlığını dəstəkləməklə yanaşı, əhval-ruhiyyə, yuxu və beyin fəaliyyətinə də müsbət təsir göstərir.
Sfera.az xəbər verir ki, amerikalı həkim Melina B. Jampolisin sözlərinə görə, gündə təxminən yarım saatlıq müntəzəm gəzinti kifayətdir.
O deyib ki, gəzinti xroniki xəstəliklərin yayılmasını azaltmağa kömək edə bilər.
Onun sözlərinə görə, mütəmadi və sürətli gəzinti qan dövranını yaxşılaşdırır, ürəyin fəaliyyətini dəstəkləyir, yüksək təzyiq, ürək xəstəlikləri və insult riskinin azalmasına kömək edir.
Həkim bildirib ki, hətta 10 dəqiqəlik gəzinti belə əhval-ruhiyyəni yaxşılaşdıra bilər:
"Xüsusilə yaşıl ərazilərdə gəzmək bu təsiri gücləndirir. Gəzinti zamanı yoldaşın olması isə insanın özünü daha rahat hiss etməsinə kömək edir. Mütəmadi fiziki aktivlik beyin sağlamlığına da müsbət təsir göstərir. Gəzinti diqqət, yaddaş və öyrənmə kimi idrak funksiyalarını dəstəkləyir, sonrakı yaşlarda idrak geriləməsi riskinin azalmasına kömək edir".
Jampolis söyləyib ki, gəzinti oynaqlara həddindən artıq yük vermədən əzələləri işlədərək ayaq əzələlərini gücləndirir, tarazlığı yaxşılaşdırır və sümük sıxlığını qoruyur:
"Bu isə yaşlılıq dövründə yıxılma və sınıq riskinin azalmasına şərait yaradır. Gündüz fiziki aktiv olmaq gecə daha rahat yuxuya getməyə və daha keyfiyyətli yuxuya şərait yaradır. Bundan əlavə, gündəlik gəzinti kalori sərfiyyatını artırır və daha aktiv maddələr mübadiləsini dəstəkləyir. Sağlam qidalanma ilə birlikdə gəzinti çəki nəzarətinə və arıqlamağa da kömək edə bilər".
İradə Elsevər






