Bu ölkə turist gətirənləri mükafatlandıracaq

ABŞ və İran arasında yaşanan hərbi gərginlik Körfəz regionunun turizm sektoruna da mənfi təsir göstərib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Dubayı tərk edən turistlərin sayında artım müşahidə olunub. Bunun fonunda şəhər rəhbərliyi turist axınını yenidən artırmaq üçün yeni təşviq proqramına start verib.
Məlumata görə, "Dubai Invite" proqramı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində yaşayan şəxslər xaricdəki ailə üzvlərini və dostlarını Dubaya dəvət etdikləri halda 3 min BƏƏ dirhəmi (təxminən 817 ABŞ dolları) məbləğində mükafat əldə edə biləcəklər. Bundan əlavə, proqram iştirakçılarına otellərdə yerləşmə, restoran xidmətləri və turistik məkanlara giriş üçün xüsusi güzəşt paketləri təqdim olunacaq.
Proqramın şərtlərinə əsasən, hər bir sakin 31 oktyabr tarixinədək maksimum üç nəfər üçün bu təşviqdən yararlana bilər. Dəvət olunan şəxslərin BƏƏ hüdudlarından kənarda yaşaması və etibarlı turist vizasına malik olması əsas tələblər sırasındadır. Qazanılan imtiyazlardan isə dekabr ayının sonunadək istifadə etmək mümkün olacaq.
Turizm sektorunu canlandırmaq məqsədilə hotellər və digər turizm müəssisələri də kampaniyaya qoşulublar. Onlar qonaqlara 45 faizə qədər endirimlər, eləcə də bəzi hallarda pulsuz gecələmə imkanları təqdim edirlər. Yerli medianın məlumatına görə, proqramın elan edilməsindən sonra ilk 48 saat ərzində 10 mindən çox müraciət qeydə alınıb.
Qeyd edək ki, Dubay 2025-ci ildə 19,59 milyondan çox beynəlxalq turist qəbul edərək tarixinin ən yüksək göstəricilərindən birinə nail olub. Təkcə dekabr ayında şəhərə 2 milyondan artıq xarici turist səfər edib. Lakin bölgədə son aylarda yaşanan hərbi gərginlik və təhlükəsizlik narahatlıqları turizm axınına mənfi təsir göstərdiyi üçün Dubay rəhbərliyi yeni təşviq mexanizmləri ilə ziyarətçilərin sayını yenidən artırmağa çalışır.
Mənsumə






