Estoniya bunker quraşdırır - Rusiya ilə müharibə olacaq?
Estoniya Rusiya ilə sərhədin möhkəmləndirilməsi istiqamətində yeni addım atmağa hazırlaşır.
Ölkənin şimal-şərqində yerləşən İda-Viru bölgəsində təxminən 150 bunker quraşdırılması nəzərdə tutulub. Bu barədə oktyabrın 28-də Estoniyanın müdafiə naziri Martin Herem parlamentdə keçirilən məlumatlandırma sessiyasında bildirib.
Lakin bu addım bir sıra suallara səbəb olub.
Maraqlıdır, bu, yaxın zamanlarda hansısa gərginliyin yaranma ehtimalına işarədirmi?
Bu barədə politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, Estoniyanın Rusiya ilə sərhədində bunkerlər tikmək planı, ilk növbədə, Baltikyanı regionda təhlükəsizlik narahatlığının artdığını və mümkün hərbi risklərə qarşı qabaqlayıcı hazırlığın gücləndirildiyini göstərir:

“Ancaq belə bir addımı yaxın vaxtlarda mütləq hərbi toqquşmanın baş verəcəyinə dair siqnal kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas fərq ondan ibarətdir ki, dövlətlər müdafiə infrastrukturu yaratmaqla təkcə mövcud təhlükəyə cavab vermir, həm də mümkün hücumun qarşısını almağa və rəqib üçün onun hərbi-siyasi xərcini artırmağa çalışırlar. Estoniyanın müdafiə naziri Martin Herem dünən ölkənin şimal-şərqində yerləşən İda-Virumaa bölgəsində təxminən 150 bunker tikilməsinin planlaşdırıldığını açıqlayıb. Bu, Estoniyanın daha geniş “Baltik Müdafiə Xətti” təşəbbüsünün bir hissəsidir. Estoniya, Latviya və Litvanın birgə irəli sürdüyü bu təşəbbüs sərhədlərin müdafiəsini gücləndirməyə, mümkün hücum zamanı qarşı tərəfin hərəkətini ləngitməyə və NATO müttəfiqlərinin əlavə qüvvələrinin bölgəyə çatdırılması üçün vaxt qazanmağa hesablanıb. Estoniyanın ümumi planında isə şərq sərhədi boyunca 600-dək bunker yerləşdirilməsi nəzərdə tutulur”.
Ekspert bu hazırlıqların arxasında dayanan əsas amillərdən birinin Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra NATO-nun şərq cinahında təhlükəsizlik yanaşmasının dəyişməsi olduğunu açıqlayıb:
“Baltikyanı ölkələr mümkün hərbi təhdidlərə yalnız böhran yarandıqdan sonra reaksiya vermək əvəzinə, sülh dövründə müdafiə mövqelərini möhkəmləndirməyə üstünlük verirlər. Estoniyanın müdafiə qurumlarının məlumatına görə, bunkerlərlə yanaşı, tank əleyhinə xəndəklər, maneələr və digər mühəndis qurğuları da yaradılır. Layihənin məqsədi potensial hücumu ilk mərhələdə ləngitmək və ölkənin müdafiə imkanlarını artırmaqdır. Bununla belə, 150 bunker planı ilə yaxın müddətdə müharibə ehtimalı arasında birbaşa əlaqə qurmaq olmaz. Estoniya bu infrastrukturu fövqəladə vəziyyət yaranandan sonra deyil, əvvəlcədən qurur. Rəsmi müdafiə strategiyasında da belə hazırlıqların dərhal hərbi hücum gözləntisi anlamına gəlmədiyi vurğulanır. Digər tərəfdən, müdafiə tədbirlərinin genişləndirilməsi regiondakı etimadsızlığın və təhlükəsizlik dilemmasının dərinliyini göstərir. NATO amili də burada xüsusi əhəmiyyət daşıyır. Estoniya alyansın üzvüdür və onun ərazisinə qarşı silahlı hücum kollektiv müdafiə məsələsini gündəmə gətirə bilər. Buna görə sərhədin möhkəmləndirilməsi yalnız milli müdafiə tədbiri deyil, həm də potensial təcavüzün qarşısını almağa yönəlmiş çəkindirmə strategiyasıdır”.
Bəsti Rəfizadə






