İrana qarşı yeni müharibə ehtimalı: Netanyahu nə planlaşdırır?
İsraildə seçkilərdən sonra siyasi qüvvələr arasında hökuməti formalaşdırmaq uğrunda mübarizənin çətin keçəcəyi ehtimal olunur. Parlamentdə heç bir siyasi blokun hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilməməsi ölkədə siyasi qeyri-müəyyənliyi artıra bilər. Belə bir vəziyyətdə yeni hökumətin yaradılması uzansa da, Benyamin Netanyahu müəyyən müddət baş nazir vəzifələrini icra etməkdə davam edəcək.
Bu məqam İsrailin xarici siyasəti və xüsusilə İranla münasibətləri baxımından da diqqət çəkir. ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilərindən sonra Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları yenidən gündəmə gətirə biləcəyi barədə müzakirələr fonunda İsraildəki siyasi proseslərin mümkün təsirləri sual doğurur. Bir tərəfdən ABŞ İranla danışıqların və razılaşmanın vacibliyini vurğulayır, digər tərəfdən regionda hərbi qüvvələrin artırılması gərginliyin davam etdiyini göstərir.
Bəs İsraildə hökumətin formalaşdırılması ilə bağlı çətinliklər Netanyahunun hərbi qərarlarına mane ola bilərmi? Yeni hökumət qurulmadan İrana qarşı əməliyyatların başlanması mümkündürmü?
Politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlamasında bildirib ki, mövcud parlament mənzərəsi şəraitində İsraildə yeni hökumətin formalaşdırılması çətin görünür.
Onun sözlərinə görə, nə Netanyahunun rəhbərlik etdiyi blokun, nə də digər siyasi düşərgənin hökumət qurmaq üçün kifayət qədər səsi var. Ərəb partiyalarının dəstəyini əldə etmək isə hər iki tərəf üçün mürəkkəb məsələdir.

“Hökumətin yaradılması üçün prezidentin namizədlərdən birinə mandat verməsi, müəyyən edilmiş müddətdə nəticə əldə olunmadıqda isə prosesin növbəti namizədlə davam etdirilməsi mümkündür. Bu cəhdlər də uğursuz olarsa, ölkədə yenidən parlament seçkilərinin keçirilməsi gündəmə gələ bilər. Həmin müddətdə Netanyahu yeni hökumət formalaşanadək baş nazir vəzifələrini icra etməyə davam edəcək.
Bu siyasi proseslər ABŞ və İsrailin İranla bağlı planlarını həyata keçirməsi üçün müəyyən zaman imkanının qalmasına şərait yarada bilər. Vaşinqtonla Tehran arasında razılaşma əldə olunmasa, hərbi əməliyyatların yenidən başlanması ehtimalı yüksəkdir”, - politoloq bildirib.
O vurğulayıb ki, hazırda həm İranın, həm də ABŞ-nin mövqeləri kifayət qədər sərtdir və bu, diplomatik həll imkanlarını çətinləşdirir. Onun proqnozuna görə, noyabr ayında İrana qarşı hərbi əməliyyatlar yenidən başlaya, İsrail də bu prosesdə fəal iştirak edə bilər.
İradə Elsevər






