Jurnalist sağdır, amma o məktəbli öldü…
Bakıda 225 saylı məktəbdə adı açıqlanmayan 14 yaşlı qızın ölümü xəbəri yayılan kimi ajiotaj yarandı.
Tez təlaşlanıb məktəbə qaçdıq ki, xəbərin təfərrüatlarını cəmiyyətə çatdıraq.
Amma getmişkən özümüz xəbər olduq – döyüldük...
Acıdır. Acını işıqlandırmaq istəyərkən döyülməyimizi demirəm, qızın ölümü acıdır. 14 yaşlı qızın faciəsi acıdır, ağrılıdır. Ağırdır, böyük dərddir. O qədər böyük ki, aidiyyəti qurumları belə hərəkətə keçirdi. Hərəkətə keçirdi – bütün məktəblərdə psixoloqların fəaliyyəti yoxlanılmağa başlandı, şagirdlərlə danışıqlar aparıldı. Bu kimi halların bir daha yaşanmaması üçün psixoloqların gələcək fəaliyyət planının hazırlanacağını deyərdim, amma demirəm. Çünki aidiyyəti qurumlar ölənin dərdi ilə maraqlanmaq əvəzinə, döyülənin buna layiq olduğunu sübut etməyə çalışır. Sərhəd qoyurlar.
Psixoloq otağı ilə şagird arasındakı görünməz sərhəddən xəbərsiz olan adamlar qoyurlar bu sərhədi. Adını açıqlamağa qıymadığımız qızın bütün şəxsi məlumatlarına sahib olan adamlar bizə sərhəd çəkirlər.
Bəlkə o sərhədi aşaq?
Məsələn, aşıb baxaq ki, doğrudan da məktəblərdəki işçi heyəti uşaqlarla emosional bağ qura bilir? Neçə uşaq psixoloqa rahatlıqla müraciət edir? Neçə məktəblinin bullinqə məruz qaldığını bilirlərmi? Vəzifəsi dərsi pozan, dəcəllik edən şagirdləri islah etmək kimi başa düşülən neçə psixoloq əslində uşaqların nə yaşadığını araşdırır? Məktəb binalarında uşaqların təhlükəsizliyi necə təmin olunur? Suallar çoxdur.
Bizə qarşı cızılan “sərhədlər” daxilində suallarımız çoxdur. Amma o məktəblərin qapıları üzümüzə bağlanır, açıq pəncərələrindən fərqli olaraq...
Bəlkə də elə buna görə qapıların arxasında nələrin baş verdiyini soruşmaqdan əl çəkməməliyik. Çünki məktəb yalnız dərs keçilən, qiymət yazılan, uşaqların valideynlərinə təhvil verildiyi bina deyil. Məktəb uşağın özünü təhlükəsiz hiss etməli olduğu yerdir. Danışa bilmədiyini danışa, qorxduğunu deyə, kömək istəyə bildiyi yer. Əgər uşaq məktəbdə də özünü tək hiss edirsə, deməli, nəyisə yanlış edirik.
Jurnalist məktəbin qapısından içəri keçəndə kiminsə şəxsi həyatına müdaxilə etmək yox, cəmiyyətin bilməli olduğu suallara cavab tapmaq istəyir. Əlbəttə, uşağın şəxsi məlumatları qorunmalıdır. Onun adı, ailəsi, həyatı sensasiyaya çevrilməməlidir. Amma şəxsi məlumatların qorunması ilə ictimai marağın susdurulması eyni şey deyil. Uşağın məxfiliyini qorumaq başqa, onun ölümü ətrafında yaranan suallardan yayınmaq başqadır.
Bu gün müzakirə olunan jurnalistin döyülməsidir. Sabah başqa xəbər çıxacaq, diqqətimiz başqa səmtə yönələcək. Bəs 14 yaşlı qızın ölümü? Onunla bağlı suallar? Məktəblərdə uşaqların təhlükəsizliyi? Psixoloqların real fəaliyyəti? Bunlar da növbəti xəbərlə birlikdə gündəmdən çıxacaq?
Jurnalistə əl qaldırmaqla sualları susdurmaq mümkündürsə belə, cavabsız qalan suallar yox olmur. Məktəbin qapısını bağlamaqla orada baş verənlərə dair ictimai marağı da qapı arxasında saxlamaq olmur.
Jurnalist sağdır. Danışa bilər, yazıb yenidən soruşa bilər. Bəs o məktəbli?
Mənim üçün bu hadisənin ən ağrılı tərəfi jurnalistin döyülməsi deyil. Ən ağrılısı 14 yaşlı bir qızın həyatını itirməsi, ardınca isə onun ölümü ətrafında yaranan sualların ikinci plana keçməsidir.
Çünki jurnalistə vurulan zərbənin izi görünür, çəkilən videosu var, şahidləri var. Uşağın içində yaşadığı, heç kimin görmədiyi ağrıların izini isə bəzən yalnız gecikmiş suallar üzə çıxara bilər. Həqiqətənmi ana itkisidir onu bu intihara sövq edən? Özünü tənha hiss etməsinə kimlər şərait yaratmışdı?
Ona görə də bu dəfə yalnız “jurnalisti kim döydü?” sualını verməyək...
Soruşaq ki, ölən, öldürülən, döyən, döyülən məktəbliləri dinləyən, anlayan, vaxtında kömək edən sistem varmı?
Və ən əsası, bu suallara cavab almaq üçün daha neçə qapının bağlanmasını, daha neçə faciənin baş verməsini gözləməliyik?
İndi əsas məsələ kimin xəbər olması deyil, bir uşağın ölümündən sonra hansı həqiqətlərin üzə çıxacağıdır.
Əzizə Zeynal






