İranın TRİPP qorxusu – Layihənin reallaşmasını istəmir

İranın TRİPP qorxusu – Layihənin reallaşmasını istəmir
Kateqoriya məlum deyil
T

İran diplomatik kanallar vasitəsilə Ermənistana ABŞ administrasiyası tərəfindən İran sərhədi yaxınlığında Ermənistan ərazisindən keçməsi planlaşdırılan TRIPP layihəsi (“Tramp marşrutu”) ilə bağlı ehtiyatlı davranmağı tövsiyə edib.

Məlumata görə, Tehran layihənin təhlükəsizlik və geosiyasi nəticələri ilə bağlı əlavə izahatlar əldə etməyə çalışır və bu məsələyə aydınlıq gətirilmədən təşəbbüsə dəstək vermək niyyətində deyil.

İran tərəfi vurğulayıb ki, təhlükəsizlik maraqları tam təmin olunmadan TRIPP layihəsinin həyata keçirilməsinə razılıq verilməyəcək. Eyni zamanda İrəvana tövsiyə olunub ki, İran və ABŞ arasında davam etməsi gözlənilən 60 günlük dialoq dövründə layihə ilə bağlı geri dönüşü olmayan addımlar atmasın.

Bəs İranın TRİPP-lə bağlı tutacağı mövqe bu layihənin reallaşmasına maneə ola bilərmi?

Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlama verib. Onun fikrincə, İranın İrəvana ünvanladığı bu mesaj ilk növbədə Tehranın regionda formalaşan yeni nəqliyyat və enerji marşrutlarına həssas münasibətini göstərir:

“İran uzun illərdir ki, Ermənistan üzərindən keçən kommunikasiyalarda öz geoiqtisadi mövqeyinin zəifləməsindən ehtiyat edir. Bu baxımdan TRİPP layihəsinin irəliləməsi Tehranda regiondakı təsir imkanlarının azalması və alternativ tranzit xətlərinin güclənməsi kimi qiymətləndirilə bilər. Buna görə də İran layihənin sürətinin azaldılmasına çalışaraq Vaşinqtonla dialoqun nəticələrini gözləməyi tövsiyə edir”.

Ekspert bildirib ki, İranın mövqeyi təkbaşına layihənin reallaşmasına mane olmaq gücündə görünmür:

“Əgər layihədə iştirak edən tərəflər arasında siyasi iradə, maliyyə təminatı və beynəlxalq dəstək qorunub saxlanarsa, Tehran yalnız prosesi ləngidə və ya müəyyən diplomatik təzyqilər yarada bilər. Əsas məsələ Ermənistanın hansı strateji seçimi etməsindən və ABŞ–İran münasibətlərinin yaxın aylarda hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq. Əgər Vaşinqton və Tehran arasında gərginlik yenidən artsa, İranın TRİPP-ə qarşı daha sərt mövqe tutması da istisna deyil”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ