Dünyanın ən böyük yük təyyarələri - FOTO
Ukraynanın aviasiya sənayesinin ən mühüm nailiyyətlərindən hesab olunan “Mriya” və “Ruslan” yük təyyarələri böyük yükdaşıma qabiliyyəti və texniki göstəriciləri ilə dünya aviasiya tarixində xüsusi yer tutur.
Sfera.az xəbər verir ki, Antonov Konstruktor Bürosu tərəfindən hazırlanan bu təyyarələr Ukrayna mühəndisliyinin və aviasiya sənayesinin inkişafının rəmzlərindən hesab olunur.

Dünyanın ən böyük yük təyyarəsi kimi tanınan “An-225 Mriya”nın qanadlarının açıqlığı 88,4 metr, uzunluğu isə 84 metr olub. Maksimum uçuş çəkisi 640 tona çatan təyyarə altı D-18T mühərriki ilə təchiz edilib. Onun yükdaşıma qabiliyyəti 250 tona qədər, maksimum uçuş məsafəsi isə 15 400 kilometr olub.
“An-124 Ruslan” ağır yüklərin daşınması üçün nəzərdə tutulub. Təyyarənin standart versiyasının yükdaşıma qabiliyyəti 120 ton, təkmilləşdirilmiş versiyasının isə 150 tona qədərdir. Uzunluğu 69,1 metr, qanadlarının açıqlığı 73,3 metr olan təyyarənin ekipajı səkkiz nəfərdən ibarətdir.

“Mriya” nəhəng ölçüləri və qeyri-adi yükdaşıma imkanları ilə seçilib. “Ruslan” isə uzun illər ərzində mürəkkəb beynəlxalq yükdaşımaların həyata keçirilməsində istifadə olunub.
Qeyd edək ki, dünyada yalnız bir ədəd istehsal edilmiş “An-225 Mriya” təyyarəsi 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı Hostomel hava limanında məhv edilib.

“An-124 Ruslan” təyyarələri isə beynəlxalq yükdaşımalarında istifadə olunmağa davam edir.
Şahanə Ziyad






