"Şəhid övladları futbolu pulsuz izləməlidir" - Deputatdan təklif
Azərbaycan Premyer Liqasının “Zəfər turu” çərçivəsində keçirilən “Neftçi” - “Kəpəz” oyununda topa ilk toxunuşun şəhid övladları tərəfindən edilməsi təqdirlə qarşılanıb.
Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında bu təşəbbüsü yüksək qiymətləndirərək şəhid övladlarının futbol oyunlarını ödənişsiz izləməsi üçün xüsusi yerlərin ayrılmasını təklif edib.
Deputat bildirib ki, bu təşəbbüs onu duyğulandırıb:
“Çox bəyəndim və duyğulandım. Bəzən futbolumuz adına ağıllı təşəbbüslər də olur. Şəhid övladları bu millətin yaşayan övladlarına əmanətdir, onlar hər yerdə üstün dəyərləndirməni hiss etməlidirlər”.

F.Mustafa şəhid övladları üçün futbol oyunlarında ayrıca ödənişsiz yerlərin ayrılmasının vacibliyini vurğulayıb:
“Şəhid övladları arasında futbol sevgisi olan uşaqlar var. Onlayn biletlərin 15-20-sini onlar üçün nəzərdə tutmaq və arzuladıqları vaxt bu biletlərin qeydiyyatını aparıb oyuna baxmağa gəlmələri yaxşı olardı. Bəlkə də hansısa komanda bunu tətbiq edir. Əgər varsa, bax, bu cür təbliğ etmək lazımdır”.
Şahanə Ziyad






