Tramp və Pezeşkyan sülh müqaviləsini imzaladı – FOTOLAR

Tramp və Pezeşkyan sülh müqaviləsini imzaladı – FOTOLAR
Kateqoriya məlum deyil
T

Bölgədə gərginliyi pik həddə çatdıran hərbi qarşıdurmalardan sonra ABŞ və İran arasında tarixi sülh müqaviləsi imzalanıb. Fransa Prezidenti Emmanuel Makronun Parisdəki Versal Sarayında təşkil etdiyi rəsmi şam yeməyindən əvvəl ABŞ Prezidenti Donald Tramp iki ölkə arasındakı anlaşma memorandumuna imza atıb. Eyni sənədin İran Prezidenti Məsud Pezeşkyan tərəfindən də imzalandığını əks etdirən görüntülər mətbuata təqdim edilib.

Sfera.az xəbər verir ki, Ağ Evin rəsmi sosial media hesablarında paylaşılan bəyanatda "ABŞ Prezidenti Tramp Fransanın Versal şəhərində İranla anlaşma memorandumu imzalayıb" ifadələri yer alıb. Trampın imzaladığı sənədin bir nüsxəsi rəsmən İrana və vasitəçi dövlətlərə göndərilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, tərcümə zamanı hər hansı bir yanlış anlaşılmanın qarşısını almaq üçün sənəd həm fars, həm də ingilis dillərində imzalanıb. O, İsveçrədə keçiriləcək növbəti görüşün imza mərasimi xarakteri daşımadığını vurğulayıb. Bəqayinin digər bəyanatı isə diqqət çəkib: "Bizim atəş açmaq üçün raketlərimiz var, danışıqlar aparmaq üçün yox". O, həmçinin İrandan kənara heç bir nüvə materialının çıxarılmayacağını qətiyyətlə bildirib.

Danışıqlarda vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif iki ölkə liderinin sənədi elektron formatda imzaladığını elan edib: "Bu sazişin ən yüksək səviyyədə imzalanması tərəflərin münaqişəni diplomatik yolla həll etmək sadiqliyini göstərir. İlk addım olaraq İran Hörmüz boğazını açacaq, ABŞ isə dəniz blokadasını dərhal ləğv edəcək".

ABŞ rəsmiləri tərəfindən ictimaiyyətə açıqlanan və dərhal qüvvəyə minən 14 maddəlik razılaşmanın tam mətni isə belədir:

1. ABŞ və İran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatları daimi olaraq dayandırır. Tərəflər bir-birinə qarşı güc tətbiqindən və təhdidlərdən çəkinməyi, həmçinin Livanın ərazi bütövlüyü və suverenliyinə zəmanət verməyi öhdələrinə götürürlər.

2. Hər iki dövlət bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcək, daxili işlərə müdaxilə etməyəcək.

3. Tərəflər maksimum 60 gün ərzində yekun və genişhəcmli razılaşma bağlamaq üçün danışıqlar aparacaqlar.

4. ABŞ dərhal İranın dəniz blokadasını aradan qaldırmağa başlayacaq və bunu 30 günə tamamlayacaq. Yekun sazişdən sonra 30 gün ərzində isə ABŞ hərbi qüvvələrini İran sərhədlərindən uzaqlaşdıracaq.

5. İran Fars körfəzindən Oman körfəzinə ticarət gəmilərinin sərbəst hərəkətini təmin edəcək. 30 gün ərzində minalar təmizlənəcək. İran Hörmüz boğazının gələcək idarəçiliyi üçün Oman Sultanlığı və digər körfəz ölkələri ilə dialoq aparacaq.

6. ABŞ regional tərəfdaşları ilə birlikdə İranın iqtisadi inkişafı və yenidən qurulması üçün ən azı 300 milyard ABŞ dolları məbləğində plan hazırlayacaq. Maliyyə əməliyyatları üçün ABŞ tərəfindən bütün zəruri lisenziyalar veriləcək.

7. Yekun razılaşmanın bir hissəsi olaraq ABŞ, BMT Təhlükəsizlik Şurasının və BAEA-nın qətnamələri də daxil olmaqla, İrana qarşı tətbiq etdiyi bütün birtərəfli (ilkin və ikinci dərəcəli) sanksiyaları tamamilə ləğv edəcək.

8. İran nüvə silahı əldə etməyəcəyini yenidən bəyan edir. Zənginləşdirilmiş material ehtiyatları BAEA-nın (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarəti altında yerindəcə durulaşdırma metodu ilə məhv ediləcək.

9. Yekun sazişə qədər İran nüvə proqramını hazırkı səviyyədə dondurur, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcəyini və bölgəyə əlavə qoşun yerləşdirməyəcəyini öhdəsinə götürür.

10. Sanksiyalar tam ləğv edilənə qədər ABŞ Maliyyə Nazirliyi İranın xam neft və neft məhsullarının ixracına, həmçinin bank, sığorta və nəqliyyat xidmətlərinə dərhal güzəştlər (lisenziyalar) tətbiq edəcək.

11. ABŞ İranın xaricdəki bütün dondurulmuş və məhdudlaşdırılmış vəsaitlərini tamamilə sərbəst buraxacaq. Bu vəsaitlər birbaşa İran Mərkəzi Bankının təyin etdiyi hesablara köçürüləcək.

12. Anlaşmanın uğurla icra olunması və gələcəkdə qaydalara riayət edilməsi üçün birgə nəzarət və icra mexanizmi yaradılacaq.

13. Əsas bəndlərin (1, 4, 5, 10 və 11-ci maddələr) icrasına başlanıldıqdan sonra tərəflər dərhal yekun sazişin yerdə qalan digər bəndləri üzrə danışıqlara başlayacaqlar.

14. Bağlanacaq yekun sülh sazişi BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiq edilərək beynəlxalq hüquqi qüvvə qazanacaq.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ